“Sabah”da dünən də, bu gün də çatışmayan zad – YAZI

Uğur

Azərbaycan Premyer Liqasının ən gənc komandası – “Sabah” yeni mövsümə bərbad start verib. Üç oyun və üç məğlubiyyət. Eyni gündə olan “Keşlə”nin və “Sabah”ın oyununa baxanda adamda elə təəssürat yaranır ki, bu komandalar mövsümün axırına kimi qələbə üzünə həsrət qalacaqlar. Vəziyyət o qədər vahiməli görünür.

“Sabah”ın bu gündə olmasının səbəbi nədir?

Ev oyunlarını Masazırda keçirən komandanın ən böyük problemlərindən biri sabit heyətə malik olmamasıdır. Ötən mövsümdə heyətinə az qala “Qarabağ”ın da qibtə edəcəyi “Sabah” yayda aparıcı futbolçularının əksəriyyətini göndərdi, ya da məcburiyyətdən itirdi. Buyurun, ötən mövsümlə cari mövsümün arasındakı qısa vaxtda “Sabah”ı tərk edən və gələn futbolçulara baxaq:

Gələnlər: Elvin Camalov (“Zirə”), Səlahət Ağayev (“Neftçi”), Xuan Kamara (“Yagelloniya”, Polşa; icarə), Coy-Lens Mikels (“Maastrixt”, Niderland), İldar Ələkbərov (“Nefteximik”, Rusiya), Mixeil Ergemlidze (“Dinamo”, Tbilisi, Gürcüstan), Kristian Sebalyos (“Qətər”, Qətər), Şpiro Periçiç (“Maribor”, Sloveniya);

Gedənlər: Amadu Diallo, Məhəmməd Mirzəbəyov (“Səbail”), Kevin Kubemba, Alvaro Vilyette (“Patriotas”, Kolumbiya; icarə müddəti bitib), Təmkin Xəlilzadə (“Zirə”), Dmitri Klots (“Veres”, Ukrayna), Elşən Abdullayev, Ruslan Abışov (“Zirə”), Filip İvanoviç, Mario Marina, Ramil Şeydayev (“Qarabağ”), Nicat Mehbalıyev (“Qəbələ”, icarə), Bəhlul Mustafazadə (“Qarabağ”), Ozan Can Kökcü (“Telstar”, Niderland), Coşqun Diniyev (“Zirə”).

Komandanı 15 futbolçu tərk edib. 15 futbolçu! Bu, bütöv bir komanda deməkdir, start heyəti, ehtiyat oyunçuları ilə birlikdə. Bütün bunlardan sonra hərəsi bir yerdən gələn yeni futbolçuları sözün həqiqi mənasında komanda etmək bir neçə ayın işi deyil.

Üstəlik, “Sabah”ın ən böyük problemlərindən biri də baş məşqçidir. Ramin Quliyevə kimi “sükan”ı daim əcnəbilərə tapşırmaq özü bir yanlış idi. Azərbaycanda Xorvatiyadan, Serbiyadan gələn hansısa baş məşqçinin uğur qazanması möcüzədir. Yedirməzlər, arkadaş, yedirməzlər.

Bəs Ramin Quliyevin problemi nədədir?

Azərbaycan Premyer Liqasında, kubokunda uğur qazanmaq üçün futbolu mütləq “Barselona” kimi oynamağa gərək yoxdur. Açıq danışaq, burda futbola bəzək-düzək vurmurlar, taktikaya, hansısa sistemə uzun-uzadı vaxt ayırmırlar. Düzü, heç əksər məşqçilərimizin buna potensialı və əlindəki heyət də yetərli olmur. Məgər “Sumqayıt” belə dəhşət futbol oynayır? Yoxsa “Qəbələ”nin uğurlu çıxışının sirri Elmar Baxşıyevin məşqçilik dühasında gizlənir? Xeyr və kəsinliklə xeyr! Azərbaycan Premyer Liqasında uğur qazanmaq istəyirsənsə, ya da cəhənnəm, qapazaltı olmaq istəmirsənsə, savaşacaqsan, qaçacaqsan, meydançanın otunu yeməyə hazır futbolçularla mübarizə aparacaqsan. “Sabah”da ötən mövsümdə də, cari çempionatda da çatışmayan məhz budur – mübarizə ruhunun olmaması və ya sönük olması.

Baş məşqçi Ramin Quliyev “Qəbələ” məğlubiyyətindən sonra keçirilən mətbuat konfransında deyib ki, “komandada özünəinam azalıb”. “Sabah”ı sabah keçiriləcək oyunlarda qələbə qazana biləcəyinə kim inandırmalıdır? Bəlkə, çayçı Məmməd kişi? Bu, hamıdan əvvəl baş məşqçinin işidir. Bir komanda meydana çıxanda savaşmırsa, mübarizə aparmırsa, bunun hər kəsdən əvvəl günahı baş məşqçidədir. Bir daha yazıram, Azərbaycan Premyer Liqası İngiltərə Premyer Liqası deyil. Bu Premyer Liqada cəmi bir neçə həftə əvvəl Avropanın sıradan komandaları tərəfindən “döyülərək” geri qayıdan “Keşlə”, “Neftçi”, “Sumqayıt” oynayır da, “Mançester Siti”, “Liverpul”, “Mançester Yunayted” oynamır ki. Uzaqbaşı sən bir gözü daim avrokubokların qrup mərhələsindəki oyunlarında olan “Qarabağ”a uduza bilərsən ki, bu ölkədə buna görə heç bir baş məşqçini falaqaya yatırıb, ayaqlarından döymürlər. Ramin Quliyev əvvəlcə özünə inanmalı, sonra da komandasını inandırmalıdır. Ki, bu çempionatda qələbə qazanmaq çətin deyil, yetər ki, rəqibdən daha çox qaçasan, mübarizə aparasan, qələbəni daha çox arzulayasan.

Əvvəlcə bu gün, sonra “Sabah”

“Sabah”ın heyəti ötən illə müqayisədə daha zəifdir. Ən azı adlar baxımından. Daha komandada Azərbaycan millisinin futbolçuları – Ramil Şeydayev, Təmkin Xəlilzadə, Bəhlul Mustafazədə kimi oyunçular, Coşqun Diniyev, Ruslan Abışov kimi adlar yoxdur. Düzdür, komandaya bir neçə yeni legioner gəlib. Amma görünən budur ki, hara gəldiklərini hələ də anlamırlar. Onlar anlayana kimi “Sabah”ın sabahı necə olacaq, Allah bilir.

Klub rəhbərliyi, baş məşqçi artıq bu günü də düşunməlidir. Azərbaycanda insanların çoxu “Sabah”ın və digər komandaların futbolçularının bir ayda qazandığı pulu bir ildə qazana bilmək üçün gecə-gündüz demədən çalışırlar. Elə bundan başlamaq olar; məğlub olduqlarına görə ətək-ətək pul alan futbolçulara bu kiçik “sirr”i, həqiqəti başa salmaqla.