Səmədov erməniyə uduzdu, gümüş medalla kifayətləndi

Belarusun paytaxtı Minskdə təşkil olunan ikinci Avropa Oyunlarında sambo yarışlarının ikinci gününə yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Ağasif Səmədov (52 kq) 1/4 finala təsadüf edən ilk görüşündə litvalı Gintaras Katkusa qalib gəlib – 5:0. Onun yarımfinaldakı rəqibi belaruslu Maksim Krasinski olub. Səmədov bu görüşünü isə 4:0 hesablı qələbə ilə başa vuraraq, adını finala yazdırıb. Azərbaycan samboçusu həlledici qarşılaşmada erməni dünya çempionu Tiqran Kirakosyana 0:4 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib. Bu, Azərbaycanın səkkizinci (4-ü gümüş, 4-ü bürünc) medalı olub.

Cavidan Qarayev (62 kq) startda yunanıstanlı Savvas Karakidzisə uduzub. Hesab 1:1 olsa da, rəqib görüşü sonuncu xal prinsipi ilə qalib kimi başa vurub. Qarayev təsəlliverici görüşdə estoniyalı Vadim Fominlə üz-üzə gəlib. Bu dəfə qələbə qazanan Azərbaycan təmsilçisi bürünc medal görüşündə gürcüstanlı Georgi Çirqadzeyə rəqib olub. 0:5 hesabıyla uduzan idmançımız medalsız qalıb.

Abdulla Abdullayev (74 kq) ilk sınağında xorvatiyalı Dino-Dominik Sumpora yenilib – 3:4. O, təsəlliverici görüşdə ermənistanlı Arsen Qazaryana rəqib olub. Görüş Qazaryanın qələbəsi ilə başa çatıb – 3:0. Beləliklə, Abdullayev də Minskdə medalsız qalıb.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın daha bir samboçusu Mehman Xəlilov (57 kq) erməni Maksim Manukyana 9:1 hesabı ilə qalib gələrək, bürünc medala sahib olmuşdu.