Rüstəm Əhmədzadə üçün köhnə-yeni baş məşqçi

Ukraynanın “Minay” komandasına yeni baş məşqçi təyin olunub.

Komanda.az xəbər verir ki, sözügedən kollektivə bundan sonra yenidən Vasili Kobin rəhbərlik edəcək.

Xatırladaq ki, ötən mövsüm Premyer Liqada mübarizə aparan “Minay”, bu ilin martında Kobini istefaya göndərmiş və onun əvəzində Mikola Tsimbalı baş məşqçi təyin etmişdi. Lakin mövsümün yekununa əsasən, komanda elitadakı yerini qoruya bilmədi və “Minay” yeni mövsümdən böyük ehtimalla, aşağı divizionda mübarizə aparacaq. Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadənin də formasını geyindiyi bu klub elitaya yenə Vasili Kobinin rəhbərliyi altında yüksəlməyə çalışacaq.

Qeyd edək ki, Kobin 2019-cu ildən Ukrayna təmsilçisini çalışdırırdı. Rüstəm geridə qalan mövsümdə onun rəhbərliyi altında 12 oyuna çıxıb.

Yeri gəlmişkən, Əhmədzadə komandasındakı yeni təyinat barədə danışıb. O, sabiq baş məşqçinin geri qayıtmasına sevindiyini bildirib:

“Vasili Kobininn qısa fasilədən sonra komandaya yenidən rəhbərlik etməsi xəbəri məni çox sevindirdi. Çünki məni “Minay”a o dəvət edib. Yeni mövsümün başlamasını səbirsizliklə gözləyirəm. Düzdür, hələ də “Minay”ın hansı liqada çıxış edəcəyi dəqiq bilinmir. Amma mənim üçün ən önəmli amil göz önündə olmaq, performansımla hər kəsi məmnun etməkdir. Üstəlik, iyun ayında Azərbaycan millisinin heyətində Belarus və Moldovaya qarşı yoldaşlıq matçılarından sonra baş məşqçimiz Canni De Byazi mənimlə vidalaşanda klub səviyyəsindəki çıxışlarımı yaxından izləyəcəyini söylədi. Azərbaycan millisində oynadığım üçün məmnunam. Yığmada mərkəz hücumçusu kimi oynadım. Təəssüf ki, qol vura bilmədim. Ümid edirəm ki, seçmə mərhələnin sentyabrdakı oyunlarında hədəfə düşə biləcəyəm”.