
Rövşən Nəcəf: “Azarkeşlərə yaşatdığı hisslərə görə “Qarabağ” rəhbərliyinə təşəkkür edirəm”
Azərbaycanın kişilərdən ibarət futbol millisi ötən il çətin sınaqlardan keçib.
Komanda.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf Hesabat Konfransında deyib:
“Kişilərdən ibarət millimiz ötən il çətin sınaqdan keçdi. Ayxan Abbasovun rəhbərliyi altında müsbət irəliləyişlər oldu. Ona təşəkkür edirəm. Komandanın oyununda intizam artıb. FİFA Series-2026-dakı uğur bunun bariz nəticəsidir. Bir daha millini təbrik edirəm. Komandamıza güvənirəm.
Qadınlar millimiz də beynəlxalq turnirdə qalib oldu. Misli Premyer Liqasında komanda sayı 12-yə çatdı. Legioner limitinin ləğvi rəqabəti artırdı, klubların inkişafına kömək oldu. Gənc futbolçuların oynamaqlarına görə klublara mükafatların verilməsini də qeyd etmək lazımdır. Bu, gənclərin inkişafını stimullaşdırır, klubları akademiyaya daha çox diqqət ayırmağa sövq edir.
“Qarabağ”ın Avropa arenasındakı uğuru xüsusi qeyd olunmalıdır. Azarkeşlərə yaşatdığı hisslərə görə klub rəhbərliyinə təşəkkür edirəm”.
O, 2027-ci ildə Azərbaycan və Özbəkistanda təşkil olunacaq U-20 dünya çempionatı ilə bağlı fikirlərini də bölüşüb:
“Bu yarış iki qitədə keçiriləcək. Bunu Avropa və Asiya arasında bağ kimi qiymətləndirə bilərik. İnanıram ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün birlikdə çalışacağıq və səylərimiz müsbət nəticə verəcək”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



