Ronaldo öz rekordunu yenilədi, digər rekorda şərik oldu

AÇ-2020-nin F qrupu çərçivəsində keçirilmiş Almaniya ilə oyun Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, təcrübəli futbolçu bu oyunda qol vurmaqla növbəti nailiyyətlərə imza atıb.

Komandasının 2:4 hesabıyla uduzduğu bu qarşılaşmada hesabı 15-ci dəqiqədə məhz Ronaldo açıb. Bununla da, o, Avropa çempionatlarında vurduğu qolların sayını 12-yə çatdırıb. Qrup mərhələsinin ilk turunda Macarıstana 3:0 hesabıyla qalib gəldikləri görüşdə də dubla imza atmaqla qitə birinciliklərində ən çox qol vuran futbolçuya çevrilən Kriştiano, ötən gecə öz rekordunu yeniləyib.

Ronaldo Almaniya ilə görüşdə fərqlənməklə üç fərqli Avropa çempionatında ən azı 3 qol vurmağı bacaran ilk futbolçuya çevrilib. O, daha öncə AÇ-2012 və AÇ-2016-da da azı 3 qol vurmağa nail olmuşdu.

Ronaldo dünya və Avropa çempionatlarında vurduğu qollarının sayını isə 19-a çatdırıb. AÇ-lərin final mərhələlərində 12 qol vuran futbolçu, DÇ-lərdə də 7 dəfə fərqlənib. Bununla da, o, dünya rekordçusu olan Almaniya yığmasının sabiq hücumçusu Miroslav Klozeyə çatıb.

DÇ və AÇ-lərin final mərhələrində ən çox qol vuran futbolçular bunlardır:

Miroslav Kloze – 19
Kristiano Ronaldo – 19
Herd Müller – 18
Yurgen Klinsmann – 16
Ronaldo – 15