Romanın əsl sahibi Yazı+Fotolar

Karyerası boyunca daha yaxşı məvacib, şərtlər üçün klubunu tərk edən futbolçular çoxdur. Ya da karyerasının sonuna çatanda Amerika, Yaponiya, Çin, Qətər kimi çempionatların yolunu tutan yüzlərlə futbolçu var. Amma futbol dünyasında bu yolu seçməyən, sədaqəti, sevgisi ilə böyük dəyər qazanan futbolçular da var. Belə futbolçulardan biri də Françesko Tottidir. İtaliyalı azarkeşlər tərəfindən “Romanın əsl sahibi” adlandırılan futbolçu. “Həyatda ən vacib ailədir” deyərək, “Roma”dan ayrılmayan, milyonların sevimlisi Totti…

Körpə Totti

Françesko Totti 1976-cı il, 27 sentyabrda Romada dünyaya gəlib. Uşaq yaşlarından futbola böyük sevgisi olan Totti, bir çox futbolçu kimi futbola küçədə başlayıb. “Roma” sevgisi isə ona babasından yadigardır. Uşaqkən ən böyük sevincini 7 yaşında olarkən, atası ilə birlikdə sevimli komandasının oyununu stadiondan izləyəndə yaşadığını deyir Totti. Hələ çox balaca olsa da, bu oyun onun üçün bir matçdan, sevgidən daha artığı idi.

Onun karyerası isə 8 yaşında “Fortitude” klubunun aşağı yaş qruplarında oynaması ilə başlayır və o, burda öz istedadını göstərməyi bacarır. 1989-cu ildə isə, 13 yaşı olarkən, ona karyerasına böyük təkan verəcək təklif gəlir. “Milan” bu balaca futbolçuya böyük maraq göstərmiş və onu heyətinə qatmaq üçün hərəkətə keçmişdi. Amma təklifi rədd edən Totti, həmin günlərdən bəhs edərkən, bunları deyir:

“Evimizin qapısını açanda, orda “Milan” nümayəndələrini gördük. Təbii ki, anamın cavabı bəlli idi. Romada doğulmusansa, sadəcə iki seçimin var: ya qırmızı, ya da mavi rəngi seçməlisən. Ya “Roma”, ya “Latsio”. Amma bizim ailəmizdə, qanımızda, ruhumuzda sadəcə bir seçim vardı: “Roma”.

Nəhayət, 1992-ci ildə “Roma”dan ona zəng gəlir. O, doğma klubundan gələn bu təklifi qəbul edərək, 25 illik bir hekayəyə başlayır.

Tottinin “Roma”nı seçməsində anası da rol oynamışdı

Totti “Real” da daxil olmaqla, bir çox böyük tarixə malik klubdan təklif alsa da, “Roma”ya olan sədaqətini davam etdirir və bütün karyerasını ona həsr edir:

“İnsanlar hər zaman məndən niyə bütün həyatımı “Roma”da keçirdiyimi soruşurlar. Cavab sadədir: “Roma” mənim ailəm, dostlarım, sevdiyim insanlardır. “Roma” sarı və qırmızıdan ibarətdir. “Roma” mənim üçün dünyadır. Bu klub, bu şəhər həyatım oldu”.

İki qardaş – Rikardo və Françesko Tottilər

Oyun üslubuna, döyüşkən ruhuna görə “Qladiator” ləqəbi verilən futbolçu, bu simvolu qoluna döymə elətdirir. Bundan başqa, sevimli klubunun azarkeşləri tərəfindən ona “Roma”nın bənzərsiz kralı”, “Qızıl uşaq”, “Böyük kapitan” kimi ləqəblər də verilib.

2006-2007-ci il mövsümündə vurduğu 26 qolla A Seriyasının bombardiri olmuş Totti, “İlin ən yaxşı italiyalı futbolçusu” mükafatını ən çox qazanan futbolçudur (5 dəfə). 2000 və 2003-cü illərdə ölkəsində “İlin ən yaxşı futbolçusu” seçilmiş Totti, kapitanı olduğu komandası ilə ilk və son çempionluğu 2000-2001-ci il mövsümündə qazandı.

25 il “canavarlar”ın şərəfini qorusa da, heç bir böyük kubok qazana bilmir Totti. Amma “Real”la “Santyaqo Bernabeu”da keçirilən oyunda rəqib azarkeşlər tərəfindən ayaq üstə alqışlanan futbolçu da məhz odur.

Bir neçə cümlə də ailə haqda… Həyat yoldaşı ilə tanış olana qədər, Totti bir neçə modellə birlikdə olmuşdu. Hələ 15 yaşındaykən, tanış olduğu voleybolçu Marzia Silvestri onun ilk sevgisi idi. İndi isə “Qladiator”un həyat yoldaşı keçmiş televiziya aparıcısı Llari Blasidir.

Azarkeşlər futbolçuya təkcə göstərdiyi oyuna görə deyil, sədaqətə, hörmətə, kluba, onun simvollarına göstərdiyi sevgiyə görə dəyər verirlər. Totti bu baxımdan, ən yaxşı futbolçulardan biri oldu. Məhz buna görədir ki, bu böyük futbolçunu görə bilmək üçün cəza müddətindən bir həftə çox həbsxanada qalmaq istəyən azarkeş olub. 2006-cı ildə dünya çempionluğunu qazanan İtaliya millisinin futbolçuları ölkədə qəhrəman kimi qarşılanarkən, Totti xeyriyyə cəmiyyətlərinə pul toplamaq üçün Romadakı həbsxanalardan birini ziyarət edəcəyini, ordakı məhbuslarla görüşəcəyini açıqlayır. Bu ziyarət ordakı insanlar üçün mükəmməl bir hadisə olacaqdı. Məhbus olan bir azarkeş isə… Tottinin həbsxanaya gələcəyi tarixdən bir həftə əvvəl cəza müddəti bitəcək məhbus, həbsxana rəhbərliyinə məktub yazaraq, məsələni izah edir və cəza müddətinin daha bir həftə uzadılmasını istəyir. Və bu istəyinə nail olur. Sırf Totti ilə şəkil çəkdirə bilmək üçün:

“Daha yüz il də yaşasam, böyük ehtimalla, Totti ilə şəkil çəkdirmək şansım olmayacaqdı”.

Sevdiyi rənglərə, onu sevənlərə böyük dəyər verən azarkeşlərin sevimlisinə çevrilməyi bacaran Totti, özü də bir sevgi, sədaqət simvolu oldu. Karyerasını bitirdikdən sonra belə, forması ən çox satılan futbolçu olması, bunun bariz nümunəsidir.

Aygül Qarayeva