Reytinq turniri: 6 yunan-Roma güləşçisi finala yüksəldi

Azərbaycanın 6 yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pellikone turnirində finala yüksəlib.

Komanda.az xəbər verir ki, 60 kq-da iştirakçılar 2 qrupa bölünüb. A qrupunda yer alan idmançılardan Murad Məmmədov ilk turda türkiyəli Ekrem Öztürkə (14:1), Nihat Məmmədli isə ABŞ-dan olan İldar Hafizova qalib gəlib. Azərbaycan təmsilçiləri ikinci turda bir-biri ilə qarşılaşıb. Daha təcrübəli Məmmədov qələbə əldə edib. O, sonuncu turda Hafizovu, Məmmədli isə Öztürkü çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəlib.

B qrupunda yer alan 60 kq-dakı digər Azərbaycan güləşçisi Eldəniz Əzizli startda rumıniyalı Teodor Horataunu yenib – 8:0. Dünya və Avropa çempionu növbəti görüşdə 2018-ci ildə qitə birinciliyinin finalında mübarizədən kənarlaşdırdığı Helari Maeqisaluya (Estoniya) tam üstünlüklə (10:0) qalib gəlib və adını yarımfinala yazdırıb. O, finala gedən yolda Nihat Məmmədlini, Murad Məmmədov isə Helarini üstələyib.

63 kq-da A qrupunda qərarlaşan Taleh Məmmədov ilk görüşdə moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuyla bacarmayıb. İkinci turda ABŞ təmsilçisi Deyvid Telkeyə tam üstünlüklə qalib gələn Məmmədov yarımfinalda rumıniyalı Razvan Arnauta gücünü göstərib.

67 kq-da çıxış edən Həsrət Cəfərov təsnifat mərhələsində macarıstanlı Erik Torbanı vaxtından əvvəl məğlub edib. O, 1/4 finalda isveçli Niklas Oehlendən, yarımfinalda isə 23 yaşadək güləşçilər arasında dünya ikincisi iranlı Məhəmməd Cavad Rezaidən üstün olub.

87 kq-da İslam Abbasov ilk mərhələdə estoniyalı Ranet Kaljoladan güclü olub – 5:0. O, 1/4 finalda macarıstanlı İştvan Takaçı mübarizədən kənarlaşdırıb. Yarımfinalda dünya ikincisi isveçli Aleks Kessidisə qalib gələrək, finala yüksəlib.

97 kq-da da Azərbaycan dueli baş tutub. Arif Niftullayev 1/8 finalda Murat Lokyayevi cərimə xalları ilə üstələsə də, növbəti raundda macarıstanlə Aleks Şokeyə 1:3 hesabıyla uduzub.

130 kq-da yer alan Sabah Şəriəti ilk görüşdə 23 yaşadək güləşçilər arasında son Avropa çempionu Macarıstan təmsilçisi Dariuş Attila Vitekə heç bir şans verməyib. 1/4 finalda ABŞ-dan olan Kolton Şults üzərində də təmiz qələbə qazanan idmançı yarımfinalda Azərbaycanın digər təmsilçisi Beka Kandelaki ilə üz-üzə gəlib. Şəriəti sonuncu xal prinsipinə əsasən finala vəsiqə qazanıb.

Medal qarşılaşmaları saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button