
“Real” “Çelsi”yə müraciət edib – Dünya çempionu üçün
“Real” “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandeslə ciddi şəkildə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin nümayəndələri argentinalı futbolçunu transfer etmək istədiklərini qarşı tərəfə çatdırıblar.
Bildirilir ki, 25 yaşlı yarımmüdafiəçi də karyerasında yeni çağırışa açıqdır və klubunu dəyişmək ehtimalını istisna etmir.
“Real”ın adı uzun müddətdir Fernandeslə əlaqələndirilir. Bunun əsas səbəbi isə onların belə yüksək səviyyəli futbolçunun transferini maliyyələşdirə biləcək azsaylı klublardan biri olmasıdır.
“Çelsi” rəhbərliyi vəziyyəti diqqətlə izləyir və “kral klubu”nun marağının rəsmi təklifə çevriləcəyini gözləyir. London təmsilçisi vitse-kapitanının dəyərini təxminən 140 milyon avro olaraq qiymətləndirir.
“Çelsi” futbolçunu satmağa tələsmir və yalnız sərfəli təklif alacağı təqdirdə, onun ayrılığına razılıq verə bilər. Enzonun klubu ilə müqaviləsinin müddəti 2032-ci ilin yayına qədərdir.
Argentina millisi ilə dünya çempionu olan yarımmüdafiəçi ilə daha əvvəl PSJ və “Mançester Siti”nin də maraqlandığı bildirilirdi.
Bizi Facebook-da izləyin



