“Rakuv” daha möhkəm komandadır” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Linkoln”la cavab qarşılaşmasından sonra (4:0) mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, o, növbəti mərhələnin “Rakuv”la görüşündən söz açıb:

“Futbolçularımı təbrik edirəm! Böyükhesablı qələbə qazansaq da, rəqib komanda mübarizədən əl çəkmək istəmirdi. Yaxşı qələbə qazandıq. Azarkeşlərə təşəkkür edirəm! Onlar da stadionda yaxşı atmosfer yaratmışdılar.

Kevin Medinanın komandanın getməsi ilə bağlı dəqiq məlumat yoxdur. Bəzi səbəblərdən o, əsas heyətdə yox idi. Onunla ciddi maraqlanırlar. Medina hələlik bizimlədir. Düşünürəm ki, hər şey yaxşı olacaq.

Həmişə rəqiblərə qarşı ciddi yanaşırıq. Onlar bizə müxtəlif dərəcələrdə çətinliklər yaşadırlar. Hər birinə qarşı çox güc sərf edirik. “Linkoln”u məğlub etmək asan olmadı. “Rakuv”a qarşı oyunda dəyişikliklər etməliyik. Daha möhkəm komandadırlar. Biz proqramımızdan əl çəkmirik. “Rakuv” Polşa futbolundan fərqli oynayır. Onlarla Türkiyədə rastlaşmışdıq, amma uduzmuşduq. Qarşıda 5-6 gün vaxtımız olacaq. Onları tanımaq imkanımız var. Başda mən olmaqla, həmin görüşə yaxşı hazırlıq keçəcəyik.

Yassin Benzianın ustalığına heç vaxt şübhəm olmayıb. Sadəcə, uzun müddət futboldan kənarda qalmışdı. Bizə gələndən sonra da iki dəfə zədə keçirmişdi. Onu 90 dəqiqə meydançada saxlamadıq. 3-4 oyunu bu səviyyədə daha yaxşı keçirsə, fərqli Benzia görə bilərik. Komandaya çox fayda vermək gücünə malikdir. Lakin hələlik onun çıxışından razı deyiləm.

Bəhlul Mustafazadə hücumların başlanmasında boşluqlar yaşayırdı. Cərimə meydançasında olması standart vəziyyətlərdən sonra olurdu. O, düzgün mövqelər tapır və yararlanır. Hücumlara daha yaxşı başlamaq üçün tapşırıq vermişdim.

“Qarabağ”la bağlı hansısa böyük uğur əldə etmək istəyirəm desəm, yanlış fikir olar. Mübariz və gözəl kollektiv formalaşdırmaq arzum olub. Azərbaycan futbolunda bu ad hər zaman fərqlənib. Bir düşüncəm və istəyim olub: nə qədər güc sərf etmək lazımdırsa, edəcəm. Həm ölkə çempionatında, həm də avrokuboklarda bunu edəcəm. Daima çalışırıq. Nə dərəcədə uğurlu olduğumuzu oyunlardan görürsüz. Çox istərdim ki, hər zaman pozitiv əhval-ruhiyə olsun. Futbolçular da normal insanlardır. Onlar böyük məsuliyyətin altına girirlər. Onlar Azərbaycan futbolu və idmanı üçün bacardıqlarından artığını etməyə çalışırlar. Oyunçularımı hər zaman neqativ fikirlərdən uzaq tutmağa çalışıram. Hər bir azarkeşin şəxsi düşüncəsi, arzusu olur. Bu, futbolu daha da gözəlləşdirir. Onların neqativ fikirləri bizi daha da pozitivə kökləyir.

Mərkəz hücumçusu axtarsaq, dünya futbolunda çox az ada rast gələrik. İndi futbol tam fərqlidir. Bəzi klublara bu çox vacibdir, bəzilərinə isə yox. Biz bu gün Juninyonu transfer etmişik. Keyta və Cica həmin mövqedə çıxış edə bilər. Bəzi elementlər çatışmaya bilər. Onların başqa üstün cəhətləri komandaya kömək edə bilər.

Transfer bazarı bizim işimizin ən vacib hissəsindən biridir. Daima yeni futbolçularla maraqlanırıq, axtarışda oluruq. Bəzən aylarla, illərlə gözləyirik. Transfer bazarında aktivik. Bir neçə futbolçu ilə danışıqlar gedir. Bütün mövqelər üçün bu ifadə keçərlidir. Elə epizodlar ortaya çıxır ki, işlər bəzən alınmır və yolunda getmir. 20-25 gün öncə bizim başımıza belə bir hadisə gəlmişdi. Bəzi məqamlar bizdən asılı olmur. Transferlər baş tuta da bilər, baş tutmaya da bilər”.

Xatırladaq ki, iki oyunun nəticəsinə əsasən, “köhlən atlar” 6:1 hesablı qələbə qazanıb və növbəti mərhələyə çıxıb. Onlar 2-ci təsnifat mərhələsində “Rakuv”la (Polşa) qarşılaşacaqlar.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button