“Rəqib aqressiv oynayırdı” – Regekampf

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 5-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, rumıniyalı mütəxəssis 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

– Ağır oyun oldu. Təəssüflər olsun ki, Kenni Sayef oyundan öncə zədələndi. Ondan sonra oyunun gedişində Vato Arveladzeni də itirdik. Ümid edirəm ki, zədələri ağır olmaz. Yaxşı oyun oynadıq. 3 qol vurduq, yaxşı şanslarımız oldu. Oyunumuz çox xoşuma gəldi. Sonradan daxil olan oyunçular da özlərini yaxşı tərəfdən göstərdilər.

– Komandada zədələrin çoxluğu nə ilə bağlıdır: bəxtsizlik, yoxsa fiziki yüklənmələr?
– Biz əzmkarlıqla çalışırıq. Futbolçularımın yaxşı səviyyəyə qalxmasını istəyirəm. Kenni ilə bağlı baş verən hal bəxtsizlikdir. İsinmə hərəkətləri zamanı Eminlə toqquşdu. Vato barədə də bildirdim ki, ciddi zədə olmamasına ümid edirəm. Bu gün 35-40 dəqiqə oynamasını planlaşdırırdım. Hələ fiziki cəhətdən 100 faiz hazır deyil. Bir az vaxta ehtiyacı var. Ötən oyun Azər Əliyevin ayağında qıcolma olması normaldır. İki həftə zədədən sonra oynamışdı. Tam bərpa olunmaq üçün elə də vaxtı olmamışdı. Bu gün 90 dəqiqə oynadı və problemlə üzləşmədi. Amma doğrudur, biz çox ağır məşq edirik. Belə hallar olmalıdır.

– Ağır oyun olduğunu dediz. Amma komandanız meydanda istədiyini edirdi. Bunu etika xətrinə söylədiz?
– Ağır oldu, ona görə ki, rəqib çox aqressiv oynayırdı. Meydanda çoxlu mübarizə var idi. Bu gün oyun sistemini dəyişmişdilər və 5-li müdafiə ilə oynayırdılar. Bizi orta xətdə bağlamaq istəyirdilər. Amma cinahlarda boşluqları olurdu. Hər dəyişiklikdən sonra kifayət qədər zonalar tapırdıq ki, onlardan istifadə edək.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button