Rəhimov Syerra-Leonenin vitse-prezidenti ilə görüşdü

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti (MPK), Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının (IBSA) vitse-prezidenti, Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov Syerra-Leonenin vitse-prezidenti Məhəmməd Culdeh Calloh ilə görüşüb.

MPK-nın mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, Rəhimov görüş zamanı Azərbaycanda həyata keçirilən idman və sosial siyasət, paralimpiya və abilimpiya hərəkatının inkişafı barədə ətraflı məlumat verib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə fiziki məhdudiyyətli şəxslərə, onların sosial rifahının yaxşılaşdırılmasına, idmana, o cümlədən paralimpiya hərəkatının inkişafına xüsusi diqqət və qayğı göstərdiyini bildirib.

Komitə rəhbəri Azərbaycanın idman və sosial siyasəti modelinin Syerra-Leone Respublikasında da tətbiqini tövsiyyə edib. İlqar Rəhimov paralimpiya hərəkatının inkişafı üçün dövlətdən göstərilən dəstəyin olduqca vacib olduğunu söyləyib və ölkədə paralimpiya idmanının təbliği üçün müxtəlif tədbirlərin keçirilməsini təklif edib.

Məhəmməd Culdeh Calloh Azərbaycanda idman, sosial və digər sahələrdə əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirib, iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsi üçün yaradılmış şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə öz təşəkkürünü çatdırmağı xahiş edib. Məhəmməd Culdeh Calloh idman sahəsi ilə başlanan əməkdaşlığın digər sahələrə də keçəcəyindən, Azərbaycan və Syerra-Leone arasında olan əlaqələrin daha möhkəmlənəcəyindən əmin olğunu vurğulayıb.

Eyni zamanda Məhəmməd Culdeh Calloh Rəhimova Syerra-Leoneyə səfər etdiyi, paralimpiya hərəkatının inkişafı üçün göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib. Məhəmməd Culdeh Calloh ölkə ictimaiyyətinin Azərbaycana, onun ənənələri və mədəniyyətinə marağının artdığını qeyd edib, Syerra-Leonedə paralimpiya hərəkatının inkişafı üçün öz dəstəyini əsirgəməyəcəyini vurğulayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button