Rəcəbovdan İddiaçılar Turnirində daha bir heç-heçə

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

Komanda.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 6-cı turda ağ fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gəlib. Görüş 40-cı gedişdə heç-heçə yekunlaşıb.

Teymur əvvəlki turlarda, Fransa təmsilçisi Alireza Firuzca, FİDE bayrağı altında yarışan Yan Nepomnyaşi, polşalı Yan-Kşiştof Duda və çinli Dinq Lirenlə də “sülh”ə razılaşmışdı. O, yalnız 2-ci turda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub.

Azərbaycan şahmatçısı hazırda 2,5 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

İddiaçılar Turniri
6-cı tur

23 iyun

Teymur Rəcəbov (Azərbaycan) – Rixard Rapport (Macarıstan) 0,5:0,5
Alireza Firuzca (Fransa) – Fabiano Karuana (ABŞ) 0:1
Hikaru Nakamura (ABŞ) – Dinq Liren (Çin) 0,5:0,5
Yan Nepomnyaşi (FİDE) – Yan-Kşiştof Duda (Polşa) 1:0