Qurban Qurbanovun maaşı

Vüsal “Aydın” Qəmbərov

Dünən nə baş verdisə, birdən-birə sosial media Qurban Qurbanovun aylıq maaşını müzakirə etməyə başladı. “Nə baş verdisə” deyirəm, çünkü hocanın müqaviləsi may ayında yenilənmişdi və maaş artışı 5 ay əvvəl baş vermişdi. Məndə olan məlumat əvvəlki maaşının illik 500 min dollar olduğu idi, yəni təxminən aylıq 70 min manat. Amma gəzən məlumat belə idi ki, maaşı aylıq 60 mindən 100 minə qalxıb.

Bəh! Sən belə bir məlumatı sosial mediaya ötür və sonra izlə.

Bir qrup müharibədən tutmuş qiymət artımına, “Nooldu Paşinyan”dan tutmuş Makronun arvadına, ölümlə nəticələnən maşın qəzasından tutmuş Bayram Nurluya qədər, hər şeylə əylənə bildiyi kimi, bunu da zarafata salmağı özünə borc bildi. Zarafat etməyi sevən və bacaran adamam, amma hər mövzunu təlxəkliyə çevirmək özünə və ətrafına ziyandır. Nə isə…

Digər bir qrup həmişəki sentimentallığı ilə bunu aparıb başqa maaşlardakı rəqəmlərə caladı. Nə bilim, müəllim 500 alır, qazi 200 alır, yox, nə bilim, mən bu pulu qazanmaq üçün 10 işləməliyəm, filan.

Şükür ki, böyük əksəriyyət isə sadəcə “Halal xoşu olsun” dedi.

Açığı, ilk iki qrupun olmasına təəssüflənsəm də, təəccüblənmədim. Amma bax “Halal xoşu olsun”çuların çoxluğu məmnun etdi. Əvvəla, paxıllıq damarının bu yerdə oyanmamağı insanların ədalət hissinin artması ümidini yaratdı. Üstəlik, insanlar başa düşürlər ki, bir zəhmət və uğur varsa, onun qarşılığını şəffaf və artıqlaması ilə almaq mümkündür, labüddür. Bu, ölkənin və cəmiyyətin inkişafı üçün dəyərlidir.

İndi gəlin, birlikdə məsələyə ədalətlə, analitik olaraq baxaq və görək, bu xəbər bizim ensiklopedik biliklərimizi artırmaqdan başqa nə işə yarayır.

Hər şeydən öncə, futbol dünyasında maaşların necə əmələ gəldiyini və şkalaları dərk etmək lazımdır. Bir futbolçunun maaşı adətən onun əvvəlki maaşı, performansı və bazar dəyəri ilə əlaqədardır. Dəfələrlə görmüşük ki, eyni səviyyədə çıxış edən futbolçular bir-birindən fərqlənən maaşlar alır. Məsələn, ən son bu haqda müzakirə Türkiyədə oldu ki, Muslera və Altay Bayındır 2 milyon avro ətrafında qazanırkən, “Beşiktaş”ın “1 nömrə”si Destanoğlu onlardan 10 dəfə az maaş alır və rəqəmin 25 milyon TL (təxminən 1,4 milyon dollar) olmasını tələb edirdi. Belə fərqliliklər əvvəl-axır ortaya qoyulan nəticələrlə tənzimlənir.

Bu, məşqçilər üçün də demək olar ki, belədir. Bir istisna var ki, bəzi məşqçilər sadəcə futbolu idarə etsə də, bir qismi bütün bazanı idarə edir. Klopp, Qvardiola və ya Mourinyonu özəl edən məhz geniş idarəçilik qabiliyyətləridir və ona görə də, “adi məşqçi”dən çox qazanırlar. Qurban Qurbanov da belə edir…

İndi bu yuxarıda yazdıqlarıma baxsaq, görərik ki, Qurban hocanın illik 1,2 miyon manat – təxminən 700 min avro maaşı sektorun standartlarından çox aşağıdır.

Müqayisə üçün Avropada “Qarabağ”ın səviyyəsində olan klubları götürdüm ki, müəyyən təsəvvür formalaşsın.

Məsələn, “Bazel”də yeni fəaliyyətə başlamış və klubla heç bir uğuru olmayan Aleksandr Frayın maaşının təxminən 1,5 milyon avro olduğu deyilir. “Seltik”in əvvəlki baş məşqçisi Neyl Lennon 2,4 milyon funt (təxminən 3 milyon avro) alırdı, yeni baş məşqçi Postekoqlu isə ondan bir az az qazanır, amma 2 milyon avrodan az olmadığı təxmin edilir. “Midtyülland”ın yüksəlişində rol oynayan Brayan Priske hazırda “Sparta”da 1-1,5 milyon avro arası qazanır. Heç uzağa getməyək, şəffaf şəkildə elan olunmasa da, Robert Prosineçki və Canni De Byazinin 2-3 milyon avro arası qazandığını bilirik.

İndi baxaq, görək yuxarıda adı çəkilənlər daha parlaq nəticələr ortaya qoyur, yoxsa onlardan 2-4 dəfə az qazanan Qurban Qurbanov? Yığmamızın əcnəbilərinin adlarını boşuna çəkmədim. Çünkü Şotlandiya, Çexiya və ya İsveçrədə futbol pul qazandıran sahələrdir. Bunu kimsə arqument kimi dilə gətirə bilər. Bəs yaxşı, dünya reytinqinin 120-cisi olan bir yığma komandanı idarə etmək üçün xərclənən milyonlar?

Bir də, məncə, məsələnin görünməyən tərəfi var. Azərbaycan tarixində bir ildə 1,2 milyon manat qazandığı şəffaf şəkildə ictimaiyət tərəfindən bilinən, bu məbləği dövlətə hesabatlıq edən, vergisini verən və qazandığı pullara görə xalq tərəfindən dəstəklənən, “halal xoşu olsun” deyilən ilk adam ola bilər Qurban hoca. Bu fakt insanlarda şəffaflığa, zəhmətinin qarşılığını almağa, böyük pulları şərəflə və üzüağ şəkildə qazanmağa ümid yarada bilər. İnşallah!

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button