Qurban Qurbanov: “Sevilya” Çempionlar Liqasının qrup mərhələsində oynamağa layiqdir” – Müsahibə

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Avropa Liqasının qrup mərhələsinin “Sevilya” ilə ilk oyunundan əvvəl mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı sabahkı oyunla bağlı bunları deyib:

– Belə bir komandanın Bakıya gəlməsi Azərbaycan futbolu və hamımız üçüm sevindiricidir. Bir ilə yaxın idi ki, azarkeşlərimiz Bakıda belə komandaya qarşı oyun görməyib. Ümid edirəm ki, yaxşı oyun göstərəcəyik. Sona qədər mübarizə aparacağıq.

– Sabah sensasiya etmək mümkündürmü?

– “Sevilya” Çempionlar Liqasının qrup mərhələsində oynamağa layiqdir. Öz meydanımızda oynayırıq. Maksimum şəkildə əlimizdən gələni etməyə çalışacağıq. Yaxşı oyun sərgiləyib, mübarizə aparsaq, müsbət nəticə əldə edə bilərik.

– Mahir Emrelinin son durumu necədir?

– Mahirin durumu yaxşı deyil. Böyük ehtimalla oynamayacaq.

– İspaniyalı futbolçularınızdan rəqibi yaxından tanımaq üçün məlumat almısızmı?

– Xeyr. Düşünürəm ki, buna ehtiyac yoxdur.

– Xulen Lopeteqi haqda nə qədər məlumatınız var? “Sevilya”da hansı oyunçunu fərqləndirərdiz?

– Xüsusi tanışlığımız yoxdur. Ancaq “Real”dan və İspaniya millisindən tanıyıram. Komandalarından əsl ispan futbolunu tələb edir. Mənim ispan futboluna marağım böyükdür. Ən çox izlədiyim La Liqa və İspaniya millisidir. Rəqibin heyətində xüsusi olaraq kimisə fərqləndirmək olmaz. Gərək hamısının adını çəkim. Çalışacağıq ki, azarkeşlərimiz ən azından oyunumuzdan razı qalsın.

– Rəqibin açıqlamalarında ancaq “Atletiko” ilə oyunlardan misal çəkilir. “Sevilya” sizə yuxarıdan aşağı baxmır, oyuna daha ciddi hazırlaşır. Bu, əleyhinizə ola bilərmi?

– Rəqib oyuna ciddi hazırlaşır. Ola bilər ki, “Atletiko” ilə oyundakı nəticələrə görə daha ciddi yanaşsınlar. Avroliqada heç bir komanda oyunlara elə-belə yanaşmır. Son dövrlərdə futbolda gözlənilməz nəticələr olur. Sabah “Sevilya”nın ilk oyunudur və həddindən artıq ciddi olacaqlar.

Şahin Cəfərov