Qurban Qurbanov: “Oyunun tempi daha yüksək oldu”

Premyer Liqanın 16-cı turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (1:6) sonra Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

“Futbolçularımı təbrik edirəm. Çox dinamik oyunla yaxşı qalibiyyət əldə olundu. “Sumqayıt” ilk dəqiqələrdən sürətli hücumlara çıxdı, pressinq tətbiq etdi və oyunun tempi daha yüksək oldu. “Sumqayıt”a təşəkkür edirəm. Böyükhesablı qalibiyyət olsa da, çox istərdim ki, oyundan qopmayaq. Bəzi epizodlar oldu ki, bunu qoruyub saxlaya bilmədik. Əlbəttə ki, buna rəqib məcbur edir. Amma çalışmalıyıq ki, oyun intizamını sonadək saxlayaq. “Sumqayıt” son vaxtlar yaxşı nəticələri, oyunu ilə seçilir. Bu gün zədəliləri, çətinlikləri var idi. Azarkeşlər üçün maraqlı, baxımlı oyun oldu. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm, “Sumqayıt”a uğurlar arzulayıram. Hər görüşə belə motivasiya ilə çıxmaq istəyirik. Bəzən alınır, bəzən alınmır. “Sumqayıt” öz oyunu ilə məcbur edir ki, belə motivasiyalı olaq, dinamik futbol göstərək. Bu, çox yaxşı haldır. Belə nəticə göstərən komandaya qarşı diqqətli olmalıyıq. Bütün rəqiblərə qarşı belə ciddi hazırlaşırıq. Amma bəzi komandalar tempi saxlamağa şərait yaratmır. “Sumqayıt” isə öz oyunundan əl çəkmədi ki, bu da sevindiricidir”.

Baş məşqçi meydandakı gərginlik, Marko Veşoviçin zədəsi və yerli oyunçu transferinə də toxunub: “Komandamızın çox rahat oynadığını deməzdim. Hesab 3:0 olanda da gərginlik var idi. Futbolçular sanki həyəcanlı idi. Bu matçla “Hekken”lə görüşün heç bir asılılığı yoxdur. Başqa-başqa turnirlərdir. Qarşıda 5 gün vaxtımız var ki, rəqibi futbolçulara tanıdıb, proqramla çalışaq. Ümidvaram ki, Veşoviçdə ciddi zədə olmaz. Əzələsində gərginlik hiss etdi və həkimlərə bildirdi. Sabah tam bilinəcək. Yerli futbolçularla çox ciddi maraqlanırıq və ilboyu izləyirik. Maraqlandığımız bəzi oyunçular olsa da, onların öz klubları var. Danışıqlar apardığımız futbolçular olub, amma klubları razılaşmayıb. Ona görə də alınmayıb. Çox istərdik ki, qışda və ya yayda bir neçə yerli oyunçu qataq. Emil Səfərov maraqlandığım futbolçulardan biridir, lakin keçidlə bağlı danışıq olmayıb”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button