Qurban Qurbanov: “Onlara “Rəşad Sadıqovun uşaqları” deyirəm”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Gərgin oyun oldu. Pis alınmadı, hər iki komanda yaxşı futbol göstərdi. Vacib qələbə qazandıq. Çempionatın hər oyunundan sonra daha ciddi və diqqətli olmalıyıq. Futbolçuları təbrik edirəm.
  • Mahir Emreli boş yerə 2 sarı vərəqə aldı. Onunla bu barədə söhbətiniz olacaq?
  • Hər futbolçuyla söhbətimiz olur. İkinci epizoda baxacağıq ki, sarı vərəqə vardı, ya yox. İlk epizodla bağlı heç bir fikrim yoxdu. Bu gün boş yerə sarı vərəqə aldıq, daha doğrusu verdilər. Hər oyun futbolçulara sarı vərəqəyə görə etiraz bildirmişəm. Hər futbolçu meydanda aqressiv olur.
  • “Sumqayıt” sizi nədəsə təəccübləndirə bildimi?
  • “Sumqayıt”la oyunlarmız hər zaman çətin keçir. Bu oyunu gözləyirdik. İkinci hissədə daha rahat idik, xeyli qol epizodumuz oldu. “Sumqayıt” çempionatın ən yaxşı komandalarından biridi. Ayxan Abbasov sistemi futbolçulara görə qurub. Onların oyun üslubunu, futbolçuların potensialını bilirdik, buna uyğun hazırlaşmışdıq.
  • Yeni transfer Ovusunun oyunu sizi qane edirmi?
  • Normal idi. Bir neçə epizodda daha dəqiq oynaya bilərdi. Onun meydana çıxması sürəti artırdı. Bu, son dəqiqələrdə çox vacib idi. Sonradan meydana çıxan futbolçuda hər dəfə yaxşı alınmır. Amma özünü yaxşı tərəfdən göstərə bildi. Ona inanırıq. Qarşıdakı oyunlarda özünü daha yaxşı tərəfdən göstərəcəyini düşünürəm.
  • Ramil Şeydayevin Azərbaycana qayıdışını necə qiymətləndirirsiz?
  • Mənim üçün çətin sualdı. Hamımız istərdik ki, xaricdə oynayan futbolçularımızın sayı daha çox olsun. Bəzən situasiyaya görə belə addım atılır. Oyun praktikası çox vacibdi. Əvvəldən belə bir istəyi olsaydı, yanvarda dərhal gələrdi. Yəqin bir neçə variantı olub, amma alınmayıb. Onun böyük potensialı var. İşgüzarlığına görə həmişə ondan razı qalmışıq. İnkişaf üçün oynamaq lazımdı, amma daha yüksək səviyyəli çempionatlarda çıxış etməsini istərdik. Düşünürəm ki, yaxın ətrafı dərindən fikirləşib və ən yaxşı qərarı veriblər.
  • Gənc futbolçularla bağlı tez-tez dəyişiklik edirsiz. Bunun səbəbi nədi?
  • Açığı, daha çox rəqibə uyğun qərar veririk. Bundan başqa, hər bir futbolçuya oynamaq imkanı yaratmaq istəyirik. Bu, onların böyüməsi üçün imkan ola bilər. Gənclərimizin hər birinin böyük potensialı var. Həmişə onlara “Rəşad Sadıqovun uşaqları” deyirəm (gülür). Hamısını o tapıb. İmkanım olsa, hamısını meydana buraxaram. Amma birdən-birə belə etmək düzgün olmaz. İstərdim ki, gələcəkdə hamısı əsas komandanın futbolçusu olsun.
  • Rəşad Sadıqov demişkən, onun milli komandaya gedəcəyi deyilir. Bu yaxınlarda da Elxan Məmmədovla görüşü olub…
  • Bütün məlumatlar yazılıb, deyilib. Təkliflərdən biridi. İctimaiyyət belə rəy bildirib. Düşünürəm ki, bu, elə-belə deyil. Onun futbolda qoyduğu iz, ona olan hörmət və inama görə belə rəy formalaşıb. Hər biri sağ olsun ki, gənc məşqçimizə belə inanırlar. Tək Rəşada yox, digər cavan məşqçilərimizə də inam var.
  • Sizin 3-lükdə görüşünüz olur. Siz, Rəşad və Elxan Məmmədov. Bu görüşdə nələr müzakirə olunur?
  • Xeyr, mən o görüşlərdə iştirak etmirəm.
  • Milli komandanın baş məşqçi vəzifəsi boşdu. İctimaiyyət sizin milliyə qayıtmağınızı istəyir.
  • Mən “Qarabağ”ın baş məşqçisiyəm.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button