Qurban Qurbanov: “Daha yaxşı “Qarabağ” gözləyirəm”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının pley-off mərhələsinin “Gent” ilə ilk oyunundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında bunları söyləyib:

“Çox vacib oyuna çıxırıq. İkinci dəfədir ki pley-offda çıxış edirik. Sabah meydanda hər detalın düzgün istifadə olunmasına çalışacağıq. Futbolçularım hazırdır. Rəqibin özünəməxsus futbolçuları var. Onlar 90 dəqiqə yaxşı pressinq edirlər. Çox istəyirik ki, azarkeçləri sevindirək. Bəzi risklərə getməliyik. Komanda özü də risklərə gedir. Hər bir zonada diqqətli olmalıyıq. Çalışacağıq ki, yaxşı nəticə qazanıq. Daha ehtiyatlı olmalıyıq, çünki cavab oyunu var. Azarkeşlərimizlı birliklə yaxşı mübarizə göstərməyə çalışacağıq.

Doğma meydanda oynayacağıq. Üstünlük azarkeş baxımından, meydança baxımından bizim tərəfdədir. Böyük problemimiz yoxdur. Sadəcə, komanda istədiyim formada, hazırlıqda deyil. İnanmıram ki, bu ciddi problem yaratsın. Qarşıda daha yaxşı “Qarabağ” gözləyirəm. Hər bir halda, biz bugünkündən daha yaxşı olmağa çalışırıq və olacağıq.

Yeni futbolçuların hazırlıqları bir o qədər də yaxşı deyil. 90 dəqiqə dözməyə bilərlər. Kollektivə adaptasiya olublar. İlk günlər utancaqlıq var idi. Ümumən, son günlər özlərini daha sərbəst hiss edirlər. Oyunun gedişatına əsasən yeni transferləri meydanda görə bilərik. Hələ 2 məşqimiz var. Ağlımda tutduğum bəzi adlar var.

Futbol elə bir səviyyəyə gəlib ki, evdə və ya səfərdə oynamaq o qədər də fərq etmir. Doğrudur, evdə üstünlüyümüz olur. Bakıda oynamaq daha asan olur. Xeyli oyunlarımız olub ki, evdə heç-heçə etmişik, amma cütün taleyini səfərdə həll etmişik. Bizim dəyişə biləcəyimiz bir şey yoxdur. Evdəki oyuna uyğun hazırlaşıb meydana çıxacağıq. İlk oyunun nəticəsinə əsasən, ikinci oyuna hazırlaşırsan.

Heyətdə çox dəyişikliklər oldu. Həm zədəlilərə, həm də gedənlərə baxsaq, bu, heç də az dəyişiklik deyil. 3-4 futbolçumuzun keçən ilki heyətdən kənar olması görünür. Öz oyunumuzu tam formalaşdırmamışıq. Narahatlıq tək bununla bağlıdır. Kadinin, Ovusunun, Vadjinin getməsi, Abbasın olmaması və s. Qapı xəttinə gəldikdə isə hər iki qapıçının meydana çıxmaq ehtimalı var. Sabah oyunda görəcəksiniz”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button