“Qrup mərhələsinə tam hazır olduğumuzu deyə bilmərəm” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin “Olimpiya” (Lyublyana) ilə cavab qarşılaşmasından sonra (1:1) mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, o, cari mövsümün əvvəlki illərdən çətin olduğunu söyləyib:

“Futbolçularımı təbrik edirəm! Azarkeşlərə minnətdaram! Gərgin oyun oldu, amma nəticə bizi qane etdi. Oyunçularım çox əziyyət çəkdilər. Bizim üçün çox vacib oyun idi. Uğuru əldə etmək asandır, onu qoruyub saxlamaq çətindir. Azarkeşlərimizi Avropa futbolundan məhrum etmədik. Bizim üçün çox böyük təcrübə oldu. Heyətdə xeyli dəyişikliklər var idi. İnanıram ki, qarşıdakı illərdə bu gün qazanılan təcrübə onlara fayda verəcək. Siz jurnalistlərə də daima bizimlə birgə olduğunuz üçün təşəkkür edirəm!

Bu günə qədər keçirdiyimiz bütün matçlardan razı qalmışam (gülür). Futbolçulara müdafiə futbolu ilə bağlı tapşırıq verməmişdik. Onlar lazımı anda yaxşı mübarizə apardılar. Onlardan narazı olacağım epizod yoxdur.

Qrup mərhələsinə tam hazır olduğumuzu deyə bilmərəm. Düşünmədiyin hadisələr olur. İstərdim ki, daha hazırlıqlı olaq. Sıx qrafikimizə baxsaq, futbolçuların çox yorulduqlarını deyə bilərəm. Tək fiziki yox, psixoloji olaraq da. Səfərlər, ailədən uzaq qalmaq və s. bunların hər biri onlara təsir edir. Bəli, müəyyən təcrübəyə sahibik. Ondan düzgün istifadə etmək üçün futbolçuların tam hazır olması lazımdır. Püşkatmanın necə olacağını gözləyirik. Ondan sonra qrup mərhələsinin matçları haqda düşünərik.

Şahruddin bizim futbolçumuzdur. Düşünmədiyimiz hadisələr reallaşa bilir. Bəzən komandada bir yox, üç və ya dörd qapıçı saxlayırıq. Şahruddinin qarşıdakı oyunlarda mübarizə aparmaq ehtimalı var. Marko Yankoviç toqquşduqdan sonra meydançanı tərk etdi. Zədəsi o qədər də ciddi deyil.

Hansısa ölkənin komandası ilə qarşılaşmaq istəmərəm? Heç vaxt bunu düşünməmişəm. Azarkeşlər hər zaman böyük komandaları burada görmək istəyiblər. Onlar buna ciddi maraq göstərirlər. Kim olsa, narazılıq bildirməyəcəyik. Böyük 0hesabla uduzmaq riski mövcud olsa da, nəhəng klubları burada görmək xoşdur. Hansı klub düşsə, hazırlaşıb oynayacağıq.

Qapımıza təyin ediləcək penalti epizodunu anlamadım. Bir neçə variant düşündüm. Oyunçularımı sakitləşdirdim. Qlobal fikrin yarandığını deyə bilmərəm. Hakimlərin “Qarabağ”a qarşı diqqətli olduqlarını deyə bilmərəm. Bilirsiniz ki, mən hakimlər haqda çox fikir bildirmirəm. VAR-a baxsan da, düzgün qərar vermək asan deyil. Rəqibin baş məşqçisini də başa düşürəm. Həmin vəziyyətdə vaxtilə mən də olmuşam.

Ayın 5-nə qədər transfer etməyə çalışacağıq. Danışıqlar davam edir. Axtarışlarımız gedir. 1 və ya 2 keçid həyata keçirmək istəyirik.

Hər il qruplarda oynamaq həm rəhbərliyə, həm mənə, həm də futbolçulara məsuliyyət və inam bəxş edir. Böyümək üçün çətinlikləri düzgün analiz etməliyik. 10 rəqəmini tamamlamaq istəyirdik. Bu il əvvəlki illərdən daha çətin və önəmli oldu.

Bir azərbaycanlı kimi öhdəliyimdə olan işləri düzgün yerinə yetirməyə çalışıram. Futbol elə oyundur ki, daima yerdəyişmələr olur. “Barselona”, “Bayern” və digər böyük klublar da bəzən stabil çıxış etmirlər. Elə olar ki, avrokuboklarda biz yox, başqa təmsilçimiz ola bilər”.

İki oyunun nəticəsinə əsasən, “köhlən atlar” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button