Qeyri-məqbul “Qarabağ”, əmin “Neftçi”, narahat “Sumqayıt” SORĞU

UEFA Çempionlar Liqasında və Avropa Liqasında yeni mövsümə start verilir. Yeni mövsümdə Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların rəqibləri də müəyyənləşib. Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ” Şimali Makedoniyanın “Sileks” klubunu doğma meydanda qəbul edəcək. “Neftçi” Şimali Makedoniyanın “Şkupi”, “Sumqayıt” isə “Şkendiya” klubu ilə qarşılaşacaq. “Keşlə” isə “Laçi”ni (Albaniya) qəbul edəcək. Bütün klublarımız bir oyundan ibarət mərhələni keçmək üçün doğma meydanda mübarizə aparacaq.

Təmsilçilərimizlə bağlı əsas narahatedici məqam hazırlıqdır. Komandalar martdan bəri – təxminən 6 aydır ki, rəsmi oyun keçirmirlər. Avrokubok iştirakçıları keçən aydan Qəbələdə təlim-məşq toplanışı keçirib, Premyer Liqanın digər klubları ilə yoxlama oyunlarında güclərini sınayıblar.

Bəs avrokuboklara yollanacaq komandalar hazırlıqlarını necə qiymətləndirirlər? Qəbələdəki təlim-məşq toplanışından sonra komandaların vəziyyəti necədir?

Bu suallara cavab tapmaq, hazırlıq səviyyəsini öyrənmək üçün baş məşqçilərin fikirlərini öyrəndik:

Qurban Qurbanov, “Qarabağ”:

“Uzun müddətdir komanda rəsmi oyun keçirmir. Buna görə də, komandanın hazırlığını əvvəlki illərlə eyni dərəcədə qiymətləndirmək olmaz. Keçən illərlə müqayisədə avrokuboklara indiki hazırlığımızı qeyri-məqbul olaraq dəyərləndirmək lazımdır.

Qəbələdəki hazırlığımız ümumi olaraq yaxşı keçdi, yoxlama oyunları keçirdik. Keçirilən təlim-məşq toplanışını ümumilikdə yaxşı dəyərləndirmək olar. Komanda şəklində maksimum yaxşı hazırlaşmağa çalışdıq”.

Füzuli Məmmədov, “Neftçi”:

“Deyərdim ki, hələ avrokuboklara üç həftəyə qədər vaxt var. İlk oyuna qədər komanda tam hazır olacaq. Düşünürəm ki, Qəbələdə keçirilən hazırlıq yaxşı oldu. Necə planlaşdırmışdıqsa, elə də oldu, məşqlərimizi istədiyimiz səviyyədə keçirdik. Yoxlama oyunlarına gəlincə, beş qarşılaşmanın keçirilməsi nəzərdə tutulmuşdu, amma üç oyun keçirdik. Düşünürəm ki, bunu da tam qənaətbəxş hesab etmək olar. Hazırlıqla bağlı heç bir problemimiz olmadı. Heç bir nüansda narazılığım yoxdur”.

Ayxan Abbasov, “Sumqayıt”:

“Müəyyən çətinliklərimiz var. Bildiyiniz kimi, əsas futbolçulardan bir çoxu komandanı tərk elədi. Hələ ki, iki transfer həyata keçirmişik, amma qarşıdakı günlərdə yeni futbolçular cəlb etmək istəyirik. Bu istiqamətdə çalışmalarımız davam edir. Hazırda komandada futbolçu çatışmazlığı var. Əlimizdə olan futbolçuları tam hazır etməyə çalışırıq.

Qəbələdəki təlim-məşq toplanışı çərçivəsində iki müdafiəçimiz zədələndi. Cəmaləddin Xocaniyazov və Vurğun Hüseynov sıradan çıxıb. Hazırda məni narahat edən bu iki futbolçunun vəziyyətidir. Ayın 21-i çempionat başlayır, bu iki futbolçunu Premyer Liqanın startına qədər hazır etmək istəyirik”.

Bir neçə gün əvvəl baş məşqçisi Tərlan Əhmədovla yollarını ayıran “Keşlə”də onu əvəzləyən Zaur İsmayılovun fikirlərini öyrənmək istədik. Lakin bazar ertəsi komanda ilə ilk məşqini keçirən İsmayılov, bu suallara cavab vermək üçün tez olduğunu bildirdi.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button