“Qarabağ”la oyunda qələbə qazanmalıyıq” – Yorqos Donis

İsrailin “Makkabi” klubunun baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda Təl-Əvivdə “Qarabağ”a qarşı keçirəcəkləri matçdan əvvəl fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qarabağ” çox ciddi komandadır. Yaxşı təcrübəyə sahibdirlər. Dəfələrlə Avropa Liqasında və Çempionlar Liqasında oynayıblar. “Qarabağ” müdafiədə, hücumda balanslı və güclü komandadır. Bizi çox çətin oyun gözləyir. Hədəfimiz avrokuboklarda qrup mərhələsinə qatılmaq idi. İlk hədəfimizə çatdıq. Hər oyunda xal qazanmaq üçün mübarizə aparacağıq. İnanıram ki, yaxşı oynasaq, qrupdan çıxa bilərik. Amma addım-addım getməliyik. Hələlik yalnız sabahkı oyunu düşünürük. Özümüzə inanırıq və bir neçə hədəfimiz var. Avropa Liqasına yaxşı başlamalı və evdəki ilk oyunda qələbə qazanmalıyıq”.

Yunan baş məşqçi həftə ərzində koronavirus səbəbindən 5 oyunçu olmadan məşq etdiklərini sözlərinə əlavə edib: “Düşünürəm ki, son iki həftə bizim üçün yaxşı oldu. Çünki bəzi oyunçular koronavirusdan sağaldı və məşqlərə qoşuldu. Bu gün komanda ilə məşqə başlayanlar sabahkı oyuna hazırdır. Futbolçuların bəziləri xəstəliyi simptomsuz keçirib və məşqlərdə yaxşı çalışırdılar. Bəziləri isə özlərini yorğun hiss edir. Hər oyunçu fərqli vəziyyətdədir. Matçı qazanmaq üçün meydana hansı 11 futbolçunu buraxacağımıza qərar verməliyik”.

Donis cəza səbəbindən texniki zonada yer almayacağını xatırladıb: “Köməkçim texniki zonada əyləşəcək. Oyunçulardan xahiş etdiyim odur ki, xırda şeylərdən xəbərdar olsunlar. Düşünürəm ki, peşəkar komanda ilə birlikdə çox yaxşı iş görə bilərlər. Mənim üçün texniki zonada olmamaq çətindir, növbəti dəfə reaksiyalarıma daha diqqət yetirməyə çalışacağam”.

Qeyd edək ki, oktyabrın 22-də “Blumfild” stadionunda keçiriləcək “Makkabi” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.