
Günahkar kimdir: Mətbuat, yoxsa, “Qarabağ” haqda eşitməkdən bezən Dambrauskas?
Azərbaycan Premyer Liqası mövsümün ən həlledici mərhələsinə doğru irəliləyir. Son illər öyrəşdiyimiz mənzərə – “Qarabağ”ın çempionatboyu açıq-aşkar üstünlüyü və rəqiblərindən erkən uzaqlaşması bu mövsüm özünü göstərmir. Turnir cədvəli daha sıx, mübarizə isə daha gərgindir.
Ötən mövsüm tarixində ilk dəfə Azərbaycan kubokunu qazanan “Sabah” üçün isə bu mövsüm nisbətən fərqli keçir. Masazır təmsilçisi ötən mövsümün sonunda rusiyalı baş məşqçi Vasili Berezutski ilə yollarını ayırdı. Bir çoxu bu dəyişiklikdən sonra “Sabah”ın geriləyəcəyini düşünürdü. Ancaq klub rəhbərliyi “sükan”ı litvalı mütəxəssis Valdas Dambrauskasa tapşırmaqla cəsarətli və düşünülmüş addım atmış oldu.
Çempionatın gedişi göstərdi ki, “bayquşlar” seçimində qətiyyən yanılmayıb. Hətta demək olar ki, düzgün zamanda doğru qərar verilib. Mövsümün fasiləsinə turnir cədvəlinin lideri kimi yollanan “Sabah” bu üstünlüyünü fasilədən sonra da qorumağı bacarır. Dambrauskasın rəhbərliyi altında keçirilən hər üç oyunda qələbə qazanan komanda liderliyini möhkəmləndirib. Qarşıdakı 14 turun necə keçəcəyini isə artıq zaman göstərəcək. Bütün bunlarla yanaşı, “Sabah” ölkə kubokunda da mübarizəni davam etdirir.
Digər tərəfdən, “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı çıxışını davam etdirməsi də müəyyən mənada Masazır təmsilçisinin əl-qolunu açan amillərdəndir. Avropa arenasına fokuslanan “Qarabağ” üçün ölkə çempionatında xal itkiləri real görünür və bu da “Sabah”ın çempionluq yolundakı şanslarını daha da artırır.
“Sabah” Premyer Liqanın 19-cu turunda, dünən öz meydanında “Araz-Naxçıvan”ı qəbul etdi. Qarşılaşmanın taleyi demək olar ki, ilk hissənin əvvəlində həll olundu. Qısa zaman kəsiyində vurulan üç qol Dambrauskasın komandasına böyük üstünlük qazandırdı. Oyun 4:1 hesabı ilə başa çatdı və “Sabah” növbəti üç xalı hesabına yazdırdı.
Əsas hadisələr isə oyundan sonra baş verdi. Mətbuat konfransında gözlənilməz gərginlik yaşandı. Bir müddətdir gündəmdə olan “Neftçi” – “Qarabağ” oyununun təxirə salınması ilə bağlı jurnalistin verdiyi sual Dambrauskası əsəbiləşdirdi. Halbuki sual özü də, zamanlama da normal idi. Çempionluq uğrunda mübarizə aparan komandanın baş məşqçisinə əsas rəqibi ilə bağlı sual ünvanlamaqda qeyri-adi və ya qəbahət sayılacaq heç nə yox idi.
Amma adətən oyunsonrası mətbuat konfranslarında təmkinli və soyuqqanlı görünən litvalı mütəxəssis bu dəfə emosiyalarına hakim ola bilmədi. Əslində, bunun səbəbini daha əvvəldə axtarmaq doğru olar. Jurnalistlər əvvəlki turlarda da ona “Qarabağ”la bağlı tez-tez suallar ünvanlayırdılar və dünənki sual artıq səbr kasasını daşıran son damla oldu. Dambrauskas “Mən “Qarabağ”da işləmirəm, gedin bu sualı onlara verin” deyərək, kifayət qədər sərt reaksiya göstərdi. Gərginlik bununla da bitmədi. Baş məşqçi başqa jurnalistin sualına da eyni – əsəbi tonda cavab verdi. Elə təəssürat yarandı ki, əvvəlki sualın acığını digər jurnalistdən çıxmağa çalışır.
Bir sözlə, Dambrauskas mətbuat konfranslarında “Qarabağ”la bağlı suallar eşitməkdən yorulub. Onun bu cümləsi də bunu təsdiqləyir: “Bu ölkə təkcə “Qarabağ”dan ibarət deyil”.
Amma… İndiki məqamda “Qarabağ”ın itirəcəyi hər xalın lider “Sabah” üçün nə qədər önəmli və çempionluq baxımından nə qədər həyati əhəmiyyət daşıdığını nəzərə alsaq, dünən jurnalistin sualı Dambrauskası bu qədər özündən çıxarmamalı idi. Son illərdə “Qarabağ”ın dominantlığına və çempionluqlarına öyrəşmiş mətbuatın indi fərqli mənzərənin dadını çıxarmaq istəyini anlayışla qarşılamaq olar.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



