“Qarabağ”ın sabiq qapıçısı Super Liqada klub dəyişdi

Futbol üzrə Bosniya və Herseqovina yığmasının və “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Türkiyənin “Erzurumspor” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, 31 yaşlı qolkiper Super Liqanın digər təmsilçisi “Konyaspor”a transfer olunub.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli qolkiperlə 3 illik müqavilə imzalanıb. Şehiç yeni komandasında 13 nömrəli formanı geyinəcək.

Şehiç “Erzurumspor”a 2018-ci ildə “Qarabağ”dan transfer olunmuşdu. “Jelezniçar”ın yetirməsi olan və dörd il bu komandanın uğurları üçün çalışan qolkiper Ağdam təmsilçisinə 2013-cü ildə Türkiyənin “Mersin İdman Yurdu” klubundan gəlmişdi.

“Konyaspor” öz müdafiəçisi Uğur Demirokun da müqavilə müddətini uzadıb. 32 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. “Qalatasaray”ın yetirməsi olan müdafiəçi 2018-ci ildən Konya təmsilçisinin uğurları üçün çalışır. Türkiyə millisində də oynamış futbolçu daha öncə “Qaziantepspor”, “İstanbulspor”, “Kartalspor”, “Akhisar Belediyespor”, “Trabzonspor” və “Osmanlıspor”da da çıxış edib. Demirok yeni mövsümdə də 15 nömrəli formanı geyinəcək.