“Qarabağ”ın qələbəsi bu kədərli günlərdə bizə təsəlli oldu”

“Qarabağ”ın prezidenti Tahir Gözəl Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçikanın “Gent” komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, Bakıda baş tutan və 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Əvvəlcə Türkiyə xalqına başsağlığı verirəm. “Qarabağ”ın qələbəsi bu kədərli günlərdə bizə təsəlli oldu. Allah ölənlərə rəhmət eləsin, sağ qalanlara şəfa versin. Bu da bizim Türkiyəyə mənəvi hədiyyəmiz olsun.

Komandamız Azərbaycan futbolunun tarixində yeni ilkə imza atdı. Pley-off mərhələsində ilk qələbəmizdir. Çox uğurlu addımdır. Amma oyun hələ bitməyib. Bu qələbə heç nə demək deyil. Fevralın 23-dəki cavab oyununda mən də Belçikada olacağam. Həmin qarşılaşma bizim üçün çox önəmlidir. Tarixi görüşə çıxacağıq”.

O, oyundan razı qaldığını söyləyib: “Bilirsiniz ki, komandada çox dəyişikliklər baş verdi. Gedən, zədə səbəbindən oynaya bilməyən futbolçularımız oldu. Amma sevinirəm ki, “Qarabağ” bu gün heç bir oyunçudan asılı olmadığını sübut etdi. Biz artıq Avropa klubuyuq. Komandanın artıq ənənəsinin olduğunu, Avropa futbolu sərgilədiyini, həmçinin Qurban Qurbanovun məharətini bir daha gördük. Fəxr edirəm. Qoy, bu qələbə xalqımıza təsəlli olsun”.

Tahir Gözəl “Qarabağ”ın 1/8 finala yüksəlmək şanslarını da dəyərləndirib: “Bu oyuna baxanda insan ümidlənir. Rəqibin çox sürətli əks hücumları var. Dinamik komandadır. Səfər matçında diqqətli olmalıyıq. Yeni transferlərimiz komandaya yanvarda qoşulublar. Hesab edirəm ki, cavab oyunu öncəsi bir addım öndəyik. Oradan yaxşı nəticə ilə qayıdacağımıza inanıram”.

O, Kadi Borgeslə Kvabena Ovusunun qış fasiləsində “Qarabağ”ı tərk etməsinə də toxunub: “Burada əsas məsələ futbolçuların özü ilə bağlıdır. Kimsə qalmaq istəmirsə, onu saxlamaq mümkün deyil. Bunun qarşısını almaq üçün oyunçulara çətinliklər yaradırıq. Məsələn, Kadiyə deyirik ki, hansısa klub səni istəsə, minimum 5 milyon avro təzminat ödəməlidir. Müqavilələrə bizə üstünlük yaradan bəndlər salırıq ki, futbolçular komandanı tərk etməsinlər. Amma bir klub çıxıb deyir ki, mən 5 milyonu da verərəm, Kadinin “Qarabağ”da qazandığı maaşın 4 mislini də. Bakıdan Dubaya uçanda təsadüfən təyyarədə Kadi ilə rastlaşdım. “Qarabağ”ın necə klub olduğunu soruşdum. Cavab verdi ki, ora mənim heç vaxt unutmayacağım doğma evimdir. Qurban Qurbanovun insanlığından, bacarığından, liderliyindən danışdı. Dedi ki, sizi heç vaxt unutmayacağam. “Qarabağ”ı əsl komanda edən məhz budur. Bu ruh, bu mənəviyyat bizdə olduğu müddətdə komandamıza gələn yeni futbolçular burada inkişaf edəcəklər. “Qarabağ”ın artıq Avropanın ən böyük 50 klubundan biridir. Bu şəkildə davam edəcəyik”.

Redon Cica, Adama Diakabi və Yassin Benzyanın çıxışından da söz açan klub prezidenti yeni transferlərə qısa zamanda qiymət verməyin asan olmadığını bildirib: “Düzdür, razı qaldım. Amma 100 faiz deyil. Onlara vaxt lazımdır. Oyuna böyük həyəcanla baxdım. Çünki bir tərəfdə yenilənmiş “Qarabağ”, digər tərəfdə isə yaxşı əks hücumlara çıxan “Gent” var idi. Sevinirəm ki, hər şey bizim üçün yaxşı qurtardı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button