“Qurban müəllimin özünün “Neftçi”yə hansısa güzəşt etdiyinə inanmaram” – Müsahibə

“Qarabağ”ın azarkeş qrupu “İmarət”in təsisçilərindən olan Elnur Quliyevin Komanda.az saytına müsahibəsi:

  • Elnur bəy, əvvəlcə Premyer Liqanın 3-cü turunun “Neftçi” ilə səfər matçının (2:1) sonlarında rəqib komandanın baş məşqçisi Samir Abasovun ünvanına “istefa” şüarları səsləndirməyiniz haqda fikirlərinizi bildirərdiz. Nə üçün belə bir şey etdiz?
  • Bu barədə “feysbuk” hesabımızda açıqlama etdik. Bu, fanklubun mövqeyidir. Mənim şəxsi fikrimə gəldikdə, Samir müəllim mənim üçün güclü, savadlı və rəqabət göstərə biləcək bir məşqçidir. Azərbaycan klublarında belə bir adamın olması məni sevindirir. Xaricdən nəticə verməyən məşqçiləri gətirib, bir ətək pul verirlər. Bu, həm klublarda, həm də millidə olur. Ondansa, işləyənlərin yerli olması daha yaxşıdır.
  • “İstefa” şüarlarını “Neftçi” azarkeşləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova qarşı səsləndirsəydi, sizin reaksiyanız necə olardı?
  • Bizim reaksiyamızı boş verin, amma Qurban müəllimin reaksiyası belə olmazdı. Yəni Samir müəllim kimi etməzdi.
  • Son olaraq yaydığınız açıqlamada, ötən mövsümkü çempionluğun “Neftçi”yə verildiyinə işarə etmisiz. Bu məsələdə tam olaraq nə düşünürsüz? Həqiqətənmi, “Neftçi”ni çempion ediblər?
  • Vallah, kimin oyunu “Neftçi”yə verdiyini deyə bilmərəm. Ancaq Qurban müəllimin özünün “Neftçi”yə hansısa güzəşt etdiyinə inanmaram. Bilmirəm, digər məsələlərin nə olduğunu deyə bilmərəm. Əldə fakt yoxdursa, danışmaq artıq şərh olar. Çempion oldular, bizə də təbrik etmək düşdü. İstərdik ki, Avropada uğurlu çıxış etsinlər, ölkənin başını uca etsinlər və Azərbaycana UEFA reytinqində xal qazandırsınlar. Təəssüf ki, alınmadı. Rəqib olsaq da, bu məsələlərdə təəssüflənirəm. Bu barədə başqa nə deyə bilərəm? Heç nə.
  • “Qarabağ”ın indiki heyətindən razısızmı?
  • Azarkeş olaraq hər zaman maksimumu istəyirsiz. Bəlkə də, daha gənc olsaydım, fərqli düşünərdim. Amma reallıq ortadadır. Azərbaycan çempionatı çox zəifdir və futbolçuları bura gətirmək çox çətindir. Çünki legioner futbolçu baxır ki, çempionatda 8 klub var, biri dağılır, biri diviziona düşür. Futbolçunu bura gətirmək üçün gərək dəyərindən iki-üç qat çox maaş verəsən. Bu da çox təhlükəlidir. O qədər olub ki, nə qədər pul verirsən, amma fayda götürə bilmirsən. İstərdim ki, daha bir transfer olsun.
  • Qarşıda Konfrans Liqasının qrup mərhələsində mübarizə var. “Qarabağ”dan gözləntiləriniz nədir?
  • Gözləntimiz maksimumdur. İnanıram ki, uğurlu çıxış edib, qrupdan çıxa biləcəyik.
  • Yeni transferlər gözləyirsizmi?
  • İstərdik ki, yeni oyunçular gəlsin. Yəqin ki, bununla bağlı Qurban müəllimin planları var. Çünki qrupdan çıxmaq istəyirlərsə, daha da güclənməyə ehtiyac var. Yenə də, burda legioner tapmaq problemi çıxır. Futbolçu olsam və mənə Türkiyə ilə Azərbaycandan təklif gəlsə, hətta daha çox məbləği Azərbaycandan təklif etsələr, yenə də gəlmərəm. Çünki burda perspektiv yoxdur. Gələcəyini düşünən yüksək səviyyəli futbolçu bura gəlməz.
  • UEFA-nın qərarına əsasən, avrokubok oyunlarında qonaq komandaların azarkeşləri də iştirak edəcək. “Qarabağ”ın hansısa səfər matçına getməyi planlaşdırırsız?
  • Planlaşdırırıq, ancaq koronavirusla bağlı məsələlər var. Onları müzakirə etmək lazımdır. Necə olacağını bilmirəm.
  • Azərbaycan çempionatında forma geyinən futbolçulardan “Qarabağ”da çıxış etməsini istədiyiniz biri var?
  • “İmarət”in adından bu suala cavab verməyim düzgün olmaz. Çünki ola bilər ki, kimsə hansısa futbolçunu istəsin. Şəxsən mənim üçün belə bir futbolçu yoxdur.

Şahin Cəfərov