“İmarət” “Neftçi”nin baş məşqçisini niyə istefaya səsləyib? AÇIQLAMA

“Qarabağ”ın azarkeş qrupu “İmarət”in Premyer Liqanın 3-cü turu çərçivəsində “Neftçi” ilə keçirilən səfər matçında rəqib komandanın baş məşqçisi Samir Abasovu istefaya səslədiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, “İmarət” növbəti dəfə “feysbuk” hesabında məsələ ilə bağlı açıqlama yayıb:

“Dünənki matçda azarkeşlərimizin “Samir, istefa” şüarları səsləndirməsi sırf rəqib azarkeşə göndərmə idi. Uduzan məşqçini istefaya səsləmək onların adəti olduğundan, bu şüar bir atmacaydı. Yoxsa bizim üçün fərq etməz, “Neftçi”nin baş məşqçisi kimdir. Kim olur olsun, yenə bizim üçün rəqib olacaq. Qaldı ki Samir Abbasova hörmətsizliyə, bu hadisə bu günə qədər baş verməmişdi, ancaq bu gündən sonra baş verəcək. Çünki Samir həddini aşıb, hələ utanmaz-utanmaz bunu mətbuat konfransında da dilə gətirib.

Avropa ölkələrinin çempionatlarında belə, baş məşqçilər azarkeşə bu cür cavab vermir. Abbasov deyib ki, “çempionluğu əllərindən almışam”. Hə, Samir, çempionluğu almısız, amma bizim əlimizdən yox. Bizim əlimizdən alsaydın, halalın olardı. Çempionluğu kimin əllərindən aldığın hamıya məlumdur. Bizimsə sənin əlindən heç nəyini almaq fikrimiz yoxdur”.

“Neftçi” – “Qarabağ” matçından (1:2) sonra baş tutan mətbuat konfransında Abasov “İmarət”in “istefa” şüarlarına cavab olaraq, “meydanda verdiyim cavab ağır idi” deyə, bildirib.