“Qarabağ”ı Avroliqada nə gözləyir? – “Bu qrupdan çıxmayıb, hansından çıxacaqlar?” SORĞU

UEFA Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın “Linfild” klubunu mübarizədən kənarlaşdıran “Qarabağ” növbəti dəfə bu turnirin qrup mərhələsinə vəsiqə qazandı. Ümumi rəy belədir ki, Ağdam klubunun bu dəfə yer aldığı qrup əvvəlki illərlə müqayisədə daha münasibdir. “Köhlən atlar” A qrupunda İspaniyanın “Sevilya”, Kiprin APOEL və Lüksemburqun “Düdelanj” klubları ilə mübarizə aparacaq.

Son Azərbaycan çempionunun qrupdakı şansları ilə bağlı sorğu etmək qərarına gəldik. “Qarabağ” Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Avropa Liqasında qrup mərhələsini aşıb, növbəti mərhələyə çıxa bilərmi?

Ağasəlim Mircavadov (AFFA Məşqçilər Komitəsinin üzvü):

“İnsanlar Lüksemburq futbolunun zəif olduğunu düşünüb, buna görə dəyərləndirirlər. Amma onun klubu “Düdelanj” Avropa Liqasının qrupunda mübarizə aparır. Zəif komandalar bu mərhələdə ola bilməz. Ona görə də, hər rəqibə qarşı mükəmməl hazırlaşmaq lazımdır. Komandanın zəif olduğunu düşünüb, onu saymasan, cəzalana bilərsən. Bəli, qəbul etmək lazımdır ki, “Qarabağ” hazırda güclüdür. Əsas məsələ odur ki, bu gücünü öz qabiliyyətinlə, öz işinlə qrup mərhələsində də meydanda göstərməlisən. “Qarabağ” da bunu bacarır. “Qarabağ” bu qrupdan çıxa bilər, amma bunun üçün hər oyuna yaxşı hazırlaşmalıdır. Hər üç rəqibinə hörmət etməlidir, eyni cür hazırlaşmalıdır.

Qrupdan çıxmaq tələbinə gəlincə, bu, futboldur, heç kim oyunun nəticəsini, meydanda nələr olacağını əvvəldən deyə bilməz. 1982-ci ildə keçirilən dünya çempionatı yaxşı yadımdadır, düşünürdüm ki, Braziliya millisi bütün komandalardan daha üstün idi, İtaliyadan, Argentinadan və s. Amma gözləntilərimin əksinə, Braziliya İtaliyaya məğlub oldu. Yəni futbol saymamazlığı, zəif oynamağı sevmir. Komandanın qarşısına tələb qoymaq yaxşı səslənmir, sadəcə, gücünə uyğun nəticə əldə edəcəyini demək olar. Biz də bu komandanın gücünü, nəyə qadir olduğunu bilirik. Hər kəs bu gücü bilməli, buna uyğun nəticə tələb etməlidir”.

Kənan Həsənov (Futbol+):

“Öncə ondan başlayaq ki, “Qarabağ”ın yer aldığı qrup münasibdir. Düzdür, istər-istəməz “Sevilya” bir addım öndə görünür. Bununla belə, ağdamlıların ÇL-in qrup mərhələsində elə həmin İspaniyanın daha güclü təmsilçisi “Atletiko” ilə oyunlarını göz önünə gətirə bilərik. Yəni “Sevilya”dan da çəkinməyə dəyməz. APOEL və “Düdelanj”a gəlincə, hər ikisi “Qarabağ”a tanış rəqiblərdir. Fikrimcə, Ağdam təmsilçisinin pley-off perspektivi məhz bu rəqiblərlə oyunlardan asılı olacaq. Əlbəttə, komandanın hazırkı heyəti heç də zəif deyil. Amma bəzi mövqelərin gücləndirilməsi heç də pis olmazdı. Klub rəhbərliyi də bu yöndə çalışmaları davam etdirir. Bu olmasa belə, hədəf əksəriyyətin “münasib” adlandırdığı qrupdan çıxmaq olmalıdır. Rəqiblərin səviyyəsini nəzərə alsaq, bu vəzifə heç də mümkünsüz görünmür. Bir sözlə, komanda tarix yazmaq, yəni növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansa malikdir”.

Amal Abuşov (Sport7.az):

“Qarabağ”ın elə bu heyəti Nikosiyada APOEL-i məğlub etməyi bacarmışdı. Özü də qorxaq oyunla və təsadüfi qolla yox, baxımlı və gərgin mübarizədə. Nəzərə almaq lazımdır ki, oyundan-oyuna komanda artırır, futbolçular bir-birinə daha da isinişir. Deməli, irəlidə daha yaxşısını gözləmək olar. Sözsüz ki, daim güclənməyə, yeni transferlərə ehtiyac var. Amma reallığı da nəzərə almaq lazımdır. Bu heyət belə, Azərbaycan Premyer Liqasının səviyyəsini üstələyir. Strateji baxımdan daha bahalı legionerlərin gətirilməsi izafi xərc kimi görünür. Qrupdakı şanslarlə gəlincə, əsas olan düzgün hədəfi müəyyənləşdirmək və ən azından “Sevilya”ya Bakıda uduzmamaq lazımdır. Davamını gətirmək elə də çətin olmamalıdır. Amma qarşıya belə tələbin qoyulmasının əleyhinəyəm. Bu tələb komanda üçün əlavə psixoloji yükdür”.

Araz Əhmədov (Sportfm.az):

“Heyətə səviyyəli yeni futbolçular qatmaq hər komandanın gücünə müsbət mənada təsir göstərə bilər. Amma bəzən balans pozulduqda bu əks effekt də verə bilər. Təbii ki, jurnalistlər və azarkeşlər yeni transferlər istəyir. Ancaq düşünürəm ki, məşqçilər korpusu öz sərəncamında görmək istədikləri oyunçulara sahibdirlər. Ağdam klubunun heyətində yer alan futbolçular böyük beynəlxalq təcrübəyə malikdirlər.

Qrupdakı şanslara gəlincə, vədə yetişib, Ağdam klubu bu mövsüm tilsimi sındıracaq. Buna ürəkdən inanıram. “Qarabağ”ın qrupda 9 xal toplayaraq növbəti mərhələyə yüksələcəyini proqnozlaşdırıram.

Komandanın qarşısına qrupdan çıxmaq tələbini qoymaq olarmı yox, lazımdır. Bu dəfə püşk üzümüzə gülüb. Şansdan yararlanmaq gərəkir. Bu qrupdan çıxmayıb, hansından çıxacaqlar?”

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button