“Qarabağ” ölkənin ən yaxşı komandasıdır” – Benzia

“Gent güclü rəqibdir. Amma düşünürəm ki, bizim şansımız daha çoxdur”.

Komanda.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Yassin Benziya “CBC Sport”a açıqlamasında UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika təmsilçisinə qarşı keçirəcəkləri oyunlar haqda danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi “Qarabağ”ı Azərbaycanın ən yaxşı komandası adlandırıb:

“Hər şeyi qazanmaq istəyirəm. “Qarabağ” ölkənin ən yaxşı komandasıdır. Çempion olmaq və avrokuboklarda irəliləmək niyyətindəyik. Biz böyük klubuq və hər şeyi qazanmaq istəyirik”.

Benzia Ağdam təmsilçisinə keçməmişdən öncə Abdullah Zubirlə danışdığını vurğulayıb:

“Gözəl oyun sərgiləyirik. Baş məşqçimizin fəlsəfəsini bilirəm. Daha əvvəl Zubirlə də danışmışdım. O, mənə klubun yaxşı olduğunu demişdi. Çempionat matçlarını izlədim və özüm də gördüm ki, burada vəziyyət kifayət qədər yaxşıdır”.

2018/2019 mövsümündə “Fənərbaxça”nın formasını geyinən oyunçu Azərbaycanı və Türkiyəni sevdiyini dilə gətirib:

“Bu ölkələrin bir-biriləri ilə yaxşı münasibətləri var. Türkiyəni və Azərbaycanı sevirəm. Burada olduğum üçün çox xoşbəxtəm”.

“Qarabağ”la “Gent” arasında oyunlar fevralın 16-da Bakıda, 23-də isə Belçikada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button