“Qarabağ” “CBC Sport”un xahişini geri çevirib

“Qarabağ”ın Lüksemburq səfəri bir neçə gündür ki, nəinki Azərbaycanda, bütün Avropada əsas müzakirə mövzusudur. “Köhnə qitə”nin, demək olar ki, bütün aparıcı nəşrləri ermənilərin “Jozi Bartel”dəki yaramazlığını tənqid edir, “birinci erməni cəbhəsi”nin Belçikada yaşayan fanatlarının hərəkətini tənqid atəşinə tuturlar. Əksər internet portalları “CBC Sport”un yayımında göstərilməyən pərdəarxası kadrları yaymaqla matçın keçirildiyi stadionda nələrin yaşandığını ictimaiyyətin diqqətinə çatdırdılar. Həvəskar çəkilişdə ağdamlıları dəstəkləmək üçün stadiona yollanan soydaşlarımızın başverənlərə etiraz əlaməti olaraq meydana çıxmaq istəməsini, “Jozi Bartel”in təhlükəsizlik xidmətinin əməkdaşlarının onların qarşısını almasını, “köhlən atlar”ın futbolçularının azarkeşləri onların əlindən almaq üçün hansı addım atmasını görmək mümkündür.

Təəssüf ki, bütün bunları biz hansısa azarkeşin həvəskar çəkilşi sayəsində gördük və arenada nələrin yaşandığından xəbərdar olduq. Ancaq milyonlarla azərbaycanlı futbolsevər həmin an Lüksemburqda nələrin yaşandığından xəbər tutmaq istəyirdi. Hər şeyi matçı canlı yayınlayan “CBC Sport”un şərhçisinin dilindən eşitmək istəyirdi. Lakin nədənsə, adını qeyd etdiyimiz telekanalın rəhbərliyi Lüksemburqa şərhçi göndərməmişdi və Pərviz Musayev milyonlarla azərbaycanlı kimi, oyunu Bakıdakı studiyadan şərh edirdi. Və məhz buna görə də, həmkarımız oyun durdurularkən ekran qarşısında əyləşənlərə stadionda yaşananlar barədə ətraflı bilgi verə bilmədi. Yeri gəlmişkən, onu da qeyd edək ki, “CBC Sport” bu il dəfələrlə öz əməkdaşlarını yığmanın səfərdə keçirdiyi oyunlarını və başqa mötəbər yarışları “hadisə yerindən” canlı şərh etmək üçün ölkə xaricinə ezam edib. Bəs bu dəfə nə mane oldu?

Komanda.az xəbər verir ki, “Futbol+” bunu aydınlaşdırmaq üçün telekanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxlayıb:

“Matçın keçirildiyi arenadan oyunu canlı şərh etmək üçün şərhçi kabinəsi sifariş etməlisən. Bundan başqa, müəyyən texniki avadanlıqlar tələb olunur ki, bütün bunlar da təxminən 3 min avroya başa gəlir. Gəlin etiraf edək ki, bu gün məhdud büdcə ilə fəaliyyət göstərən telekanal üçün bu heç də az vəsait deyil. Buna baxmayaraq, biz yenə daxili resurslar hesabına bunu etməyə hazır idik. Sadəcə, klubun əməkdaşımızı Lüksemburqa aparması lazım idi. Ancaq bu məsələ ilə bağlı “Qarabağ”a müraciət etdikdə bizə bildirdilər ki, səfərə heç bir jurnalist aparılmır və təyyarədə yer yoxdur. Klub şərhçimizi heç olmasa, səfərə aparsaydı, əməkdaşımız oyunu stadiondan canlı şərh edəcəkdi. Yenə deyirəm, telekanal məhdud büdcə ilə bütün xərcləri qarşılaya bilmir. Bilet və otel problemi klub tərəfindən həll olunsaydı, stadiondan canlı şərh üçün nəzərdə tutulan və UEFA-ya köçürülən maliyyəni özümüz ödəyəcəkdik. Tamaşaçıların iradını anlayışla qəbul edirəm. Ancaq onlar da, siz də bizim durumumuzu nəzərə alın”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button