“Bizdə indiyədək bu cəhətdən problem yaranmayıb, inşallah, bundan sonra da olmaz” – “Qarabağ” rəsmisi

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Kipr APOEL-i ilə qarşılaşacaq.

Oktyabrın 24-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya 15 min bilet satılıb. Bu barədə “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Komanda.az-a açıqlamasında deyib. İbrahimov, Kipr təmsilçisi ilə görüşdə standartlara uyğun təhlükəsizlik tədbirlərinin görüləcəyini də bildirib:

“APOEL-lə oyuna 15 min bilet satılıb. Təhlükəsizliklə bağlı xüsusi bir tədbir olmayacaq. Normal standartlara uyğun, lazım olan tədbirlər tətbiq olunacaq. Bizdə indiyədək bu cəhətdən problem yaranmayıb, inşallah, bundan sonra da olmaz. Standart təhlükəsizlik qaydaları tətbiq olunacaq”.

Klub rəsmisi, “Qarabağ”ın səfərdə “Düdelanj”la qarşılaşdığı oyunda baş verən erməni təxribatına görə Lüksemburq təmsilçisinin hələ cəzalandırılmaması haqda da danışıb:

“Bu, UEFA-nın verəcəyi bir qərardır, biz bilmirik. UEFA dron məsələsi ilə bağlı Çempionlar Liqası və Avropa Liqasında iştirakçı klublara məlumatlandırıcı məktub yollayıb. UEFA-ya belə halın ilk dəfə yaşanmadığını və bunu nəzərə almaları ilə bağlı məktub göndərmişik. Sırf bununla bağlı “Düdelanj”a hansı cəzanın veriləcəyi haqda fikrim yoxdur. Cəza olarsa, bizim də məlumatımız olacaq”.

Oktyabrın 24-də keçiriləcək “Qarabağ” – APOEL oyunu saat 20:55-də start götürəcək.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button