“Qarabağ” 25 ədəd oturacağın pulunu ödəyəcək

AFFA Azərbaycan Premyer Liqasının 19-cu turu ilə bağlı cərimə və cəzaları açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin İclasında qərar qəbul olunub.

Turun ən böyük cəriməsi “Araz-Naxçıvan”a kəsilib. Fevralın 8-də keçirilən “Sabah” – “Araz-Naxçıvan” oyunu Naxçıvan təmsilçisinin meydançaya gec çıxması səbəbindən gec başladığı üçün klub 3000 manat cərimə edilib. Həmin qarşılaşmada “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün klub daha 700 manat, ev sahibi “Sabah” isə Əsasnamənin tələblərini pozduğuna görə 1000 manat cərimə olunub.

“Zirə” fevralın 8-də “Sumqayıt”la keçirilən matçda 5 və 25 nömrəli futbolçularının idman şortundakı oyun nömrələri düzgün olmadığına görə 1500 manat məbləğində cəriməyə məruz qalıb.

Fevralın 10-da baş tutan “Şamaxı” – “Qarabağ” qarşılaşmasında Ağdam təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. Eyni zamanda, azarkeşlər tərəfindən sındırılmış 25 ədəd oturacağa görə stadiona dəymiş zərər “Qarabağ” komandası tərəfindən qarşılanacaq.

“Neftçi” – “Qəbələ” matçının 90+1-ci dəqiqəsində “ağ-qaralar”ın futbolçusu Elvin Bədəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klubu isə 500 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button