“Qalatasaray”ın futbolçusu “Antalyaspor”da

Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Portu”dan Shoya Nakajimanı, “Qalatasaray”dan isə Kristian Luyindamanı heyətinə qatıb.

Luyindama İstanbul təmsilçisindən bir illik icarəyə götürülüb. Antalya klubu 28 yaşlı futbolçunun icarəsi üçün “Qalatasaray”a pul ödəməyəcək. Əksinə, futbolçunun qarşıdakı bir il ərzində alacağı məvacibin 50 faizini öz klubu, qalan 50 faizini isə Antalya təmsilçisi ödəyəcək.

Kristian Luyindama 2019-cu ilin yanvarından “Qalatasaray”da çıxış edirdi. Konqo Demokratik Respublikasından olan mərkəz müdafiəçisi İstanbul təmsilçisində 60 oyuna çıxıb, 4 qol vurub. O, ötən mövsümün ikinci dövrəsini də Səudiyyə Ərəbistanının “Əl-Taavun” klubunda icarədə keçirib. Luyindama “Mazembe” və “Standard” (Lyej) komandalarının da formasını geyinib. O, Konqo yığmasında 23 oyun keçirib.

Portuqaliyanın “Portu” klubundan transfer edilən Shoya Nakajima isə Türkiyə təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb. 28 yaşlı vinger “Portu”dan azad agent kimi ayrıldığı üçün, yeni klubunu əlavə xərcə salmayıb. Yaponiyalı futbolçu 2019-cu ildən Portuqaliya təmsilçisində çıxış edirdi. O, bu komandada cəmi 37 matça çıxıb və 1 qol vurub. Nakajima 2021-ci ildə icarə əsasında Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn”, ötən mövsüm isə Portuqaliyanın digər təmsilçisi “Portimonense”də də oynayıb. O, “Tokio Verdi”, “Tokio”, “Katalle Toyama” və “Əl-Dühail” kimi klubların da formasını geyinib. Yarımmüdafiəçi Yaponiya yığmasında da 19 oyun keçirib və 5 qol vurub.

“Antalyaspor” iki futbolçusu ilə də yollarını ayırıb. Hücumçu Qustavo Blanko Leşuk azad agent kimi İspaniyanın “Eybar” klubuna keçib. Argentinadan olan futbolçu bu klubla 2 illik müqaviləyə imza atıb.

Qustavo Leşuk 2019-cu ildən Antalya klubunda forma geyinirdi. O, bu komandada 31 oyuna 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 2020/21 mövsümünü İspaniyanın “Ovyedo” klubunda icarədə keçirmiş hücumçu, ötən mövsümdə də məhz “Eybar”da forma geyinmişdi. Leşuk bu komandada 42 oyuna 8 qol vurub. 30 yaşlı futbolçu “Arsenal de Sarandi”, “Deportivo Merlo”, “Anji” (Mahaçqala), “Vidad Kasablanka”, “Assiriska”, “Karpatı” (Lvov), “Şaxtyor” (Donetsk) və “Malaqa” kimi klubların da formasını geyinib.

“Antalyaspor” hücumameyilli yarımmüdafiəçisi Deni Miloşeviçi də “Sakaryaspor”a icarəyə verib. Bosniya və Herseqovinadan olan 27 yaşlı futbolçu bu mövsümün sonuna kimi TFF 1-ci liqada oynayacaq. O, 2021-ci ildən formasını geyindiyi Antalya təmsilçisində 19 oyuna çıxıb və 1 qol vurub. O, daha öncə “Standard” (Lyej), “Beveren” və “Konyaspor”da da forma geyinib, Bosniya və Herseqovina yığmasında 11 oyuna çıxıb, 1 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button