“Nömrəmi götürdülər, amma sonra dedilər ki, baş məşqçi elə bilib sən legionersən” – Müsahibə

“Qəbələ”nin sabiq futbolçusu, hazırda bu klubda məşqçi kimi çalışan Azər Həşimovun Komanda.az saytına müsahibəsi:

  • Azər bəy, işləriniz nə yerdədir?
  • Yaxşıdır. “Qəbələ” klubunda çalışıram. İşimiz Mingəçevirdə, Gəncədə, Zaqatalada və başqa regionlarda olan gənc, perspektivli uşaqları tapıb, “Qəbələ” komandasına cəlb etməkdir. Ancaq martdan yaranan koronavirus pandemiyasına görə işlərimiz qalıb, hamımız dincəlirik.
  • Pandemiyadan əvvəl necə gedirdi işlər?
  • Mingəçevirdə yaxşı uşaqlar var. 3-4 futbolçu var idi, gözaltı etmişdik. Pandemiya çıxdıqdan sonra onların bütün oyunlarına baxa bilmədik. Və onların da tam oyununu izləyə bilmədiyimiz üçün o iş qaldı.
  • Neçə müddətdir bu işlə məşğulsuz və hansı futbolçuları “Qəbələ”yə gətirmisiz?
  • 2015-ci ildən “Qəbələ”də məşqçi işləyirəm. Birinci gələndə Xaqani Məmmədovun köməkçisi işləmişəm – U-15 komandasında. Sonra Emin İmaməliyevlə U-19-da, Elmar Baxşıyevlə “Qəbələ”nin əvəzedici komandasında və ötən il də yenidən Emin İmaməliyevlə U-19 komandasında işləmişəm. Bu komandayla çempion olub, UEFA Gənclər Liqasında iştirak edən ilk Azərbaycan klubu olduq. Dörd il köməkçi məşqçi işləmişəm. Yalnız bu il seleksiyaçı məşqçi kimi başladım. Ancaq virus da bu tərəfdən çıxdı.
  • Uzun müddətdir ki, müxtəlif aşağı yaş qruplarında çalışırısız. Hazırda futbol adamları Azərbaycan futbolunun inkişaf etməməsinin səbəbini uşaq futbolunda, futbolçu çatışmazlığında görür. Bəs siz bu işin içində olan biri kimi nə düşünürsüz?
  • Onu düşünürəm ki, bəli, düz deyirlər. Uşaq futbolunda əsas olan şəraitdir. Gərək şərait olsun ki, uşaq da yetişsin. Müəyyən şeylər var ki, onlar olmalıdır. Meydançalar, yaxşı toplar olmalıdır. Uşaqlara hərtərəfli, hər şeyi öyrətmək lazımdır. Düzgün istiqamətləndirməlisən, ən azı həftədə bir dəfə oyunlar salmalısan ki, uşaqlar da inkişaf etsin. Adicə götürək “Qəbələ”ni. Hamı danışanda “Qəbələ”nin akademiyasından danışır. Gərək təkcə Qəbələdə deyil, digər bölgələrdə də olsun. “Qəbələ”nin U-19 komandası Moldova “Şerif”ini keçdi. Necə oldu? “Qəbələ” klubu sərmayə yatırdı, uşaqları müəyyən ölkələrə turnirlərə göndərdilər. Bütün bunların nəticəsində də “Şerif”i keçə bildilər. Çünki bu turnir də onlara adi gəlirdi artıq. Emin müəllim də, mən də uşaqlara deyirdik ki, özünüzə inam olsun. Şərait də olandan sonra inkişaf olacaq. Baxın, adi Mingəçeviri götürək, uşaqlar məşqə gəlir, toplara baxırsan, cırıq-cırıq, gah da boş. Hər yer də toz-torpaq. Ona görə, gərək Qəbələdə deyil, digər bölgələrdə də şərait düzəlsin.
  • Mingəçevirdəki şəraitsizlikdən danışdız. Şəraitsizliyin günahkarı kimdir? Rayon rəhbərliyi, yoxsa futbola rəhbərlik edən şəxslər?
  • Hər zaman sözün düzünü deyən olmuşam, həqiqətən, mənim üçün fərqi yoxdur. Reallıq budur ki, 2004-cü ildə mən hərbi xidmətdən gəldim, sonra bir il “Energetik”də oynadım, yüksək liqaya çıxdıq. Bizi yığıb dedilər ki, bəs, belə olacaq, belə maaş alacaqsız, meydançalar düzələcək. Ancaq heç nə olmadı. İnanın, mən də bilmirəm problemlərin günahkarı kimdir. Amma əsas olan odur ki, imkanı olan şəxsin də içində futbol sevgisi olmalıdır. Məsələn, gəlsin hansısa icra başçısı – Əli, Vəli, Pirvəli. Onların nəyinə lazımdır belə nəsə etsin? Gərək o adamın futbola sevgisi olmalıdır ki, nəsə şərait yaratsın. Düşünsün ki, mənim imkanım var, qoy futbol üçün şərait yaradım, mənim üçün sonra dua etsinlər, haqqımda yaxşı danışsınlar, desinlər, nə yaxşı bunu etdi, daha sonra deməsinlər ki, Mingəçevir Azərbaycanda 4-cü şəhərdir, ancaq futbol yoxdur. Bakıda, Sumqayıtda, Gəncədə futbol var, ancaq Mingəçevir artıq 10 ildən çoxdur ki, şəraitsizlikdən əziyyət çəkir. Kimsə yoxdur ki, irəli çıxıb, problemləri aradan qaldırsın. Mingəçevir futbolu hər zaman futbolçu yetişdirib. Televiziyada baxıram, Tovuzu, Gəncəni futbol regionu olaraq deyirlər. Bəli, düzdür, bu bölgələrdə də futbol hər zaman olub. Ancaq bəzən baxırsan ki, Mingəçevir yaddan çıxıb, artıq bu rayonun futbolunu yadırğayıblar. Mingəçevirin futbolçuları olub ki, yüksək liqalarda çıxış edib, milli komandada forma geyiniblər. Gərək bölgələrdə futbol üçün şərait yaradılsın. Baza, akademiya olmalıdır. Tovuzda akademiya demişdilər, ancaq hələ səs yoxdur. Təki, iş görsünlər. Gəncədə, Tovuzda, Mingəçevirdə, Qusarda, Ağstafada gərək futbol olsun. Hər zaman döyüşkən futbolçular bölgə klublarından çıxır.
  • Bazanın, akademiyanın yaradılması bir az uzun prosesdir və bu, vaxt tələb edir. Necə ki, neçə müddətdir ki, Tovuzda akademiya yaradılmayıb. Bəs sizcə, qısa zamanda inkişaf üçün nə etmək lazımdır?
  • Mingəçevirdə əsas bir təbii otlu meydança var. Yanında iki torpaq meydança, otlar da nə uzunluqda. Meydança varsa, uşaqlara imkan vermək lazımdır ki, orda məşq etsin. Tez-tez müxtəlif turnirlər keçirilməlidir. Uşaqları ölkə xaricinə yollamaq lazımdır. Ən əsası da, uşaqlar proqramlı şəkildə məşq etməlidirlər. Onları düzgün yönləndirmək lazımdır ki, gələcəkdə nəsə olsun. “Qəbələ”yə baxın, nə qədər oyunçuları xaricə yolladı: Kamran Quliyev, Samir Qurbanov, Fərid Nəbiyev. Futbolçular yetişdikcə yetişir. “Qəbələ” kimi akademiya olsa, futbolçular yetişməyə davam edəcək. Bu, daha sonra milli komandaya da fayda verə bilər.
  • Futbolçu karyeranızda uzun müddət “Qəbələ”də çıxış etmisiz. Keçmişə nəzər saldıqda, karyeranızı uğurlu hesab edirsiz?
  • Nə uğurlu, nə də uğursuz, orta deyərdim. Uğurlu olmadı ki, 30 yaşımda, məcbur karyeramı bitirdim. 35 yaşımda bitirməyi fikirləşirdim, ancaq ciddi zədələr aldım və geriləməni hiss etdim. 2011 və 2015-də əməliyyat olundum. Buna görə, karyeramı davam etdirə bilmədim. Uğursuz ona görə oldu ki, Avropaya çıxa bilmədim. Burdan da gənc futbolçulara deyirəm ki, bacardıqları qədər ölkə xaricinə çıxsınlar. Bizim vaxtımızda da ən aşağısı Türkiyədən təkliflər var idi, lakin “evimizin içindəyik, evdən ayrılmayaq” kimi anlayışlara görə getmədim. Allah şans verirsə, getməlisən və oynayıb, Avropada öz sözünü deməlisən.
  • Hansı Avropa klublarından təkliflər var idi və tam olaraq niyə getmədiz?
  • Birinci, 2006-cı ildə bir menecer var idi, adını deməyəcəm. Zəng vurdu və dedi ki, istəyirəm səni Türkiyə klublarına göndərim. Sözün açığı, yadımda deyil, bir dəfə “Neftçala” klubu ilə Boluda toplanışdaydım. Kadir Öz adlı komanda yoldaşım var idi. Gəldi və mənə dedi ki, “Azər, 2-3 komanda var ki, səninlə maraqlanır”. “Elazığ Bələdiyəspor” var idi, səhv etmirəmsə, ikinci liqada oynayırdılar. Onlar məni istəyirdi. Düşündüm ki, nə işim var Türkiyədə. Şansım olub, ancaq getməmişəm. Azərbaycanda da bir komanda var idi – “MKT Araz”. Zəng elədilər ki, baş məşqçiləri səni çox bəyənir, öz komandasında görmək istəyir. Nömrəmi götürdülər, amma sonra dedilər ki, baş məşqçi elə bilib sən legionersən. O vaxtlar çox sarı idim, xarici futbolçuya bənzəyirdim. Həmin vaxt azərbaycanlı olduğum üçün mənim transferimdən imtina etmişdilər (gülür). Həqiqətən, “Qəbələ”də olarkən, “Simurq”dan, “Qarabağ”dan, “İnter”dən təklif var idi. Ancaq “Qəbələ”yə olan sevgimə görə bunları rədd etmişdim. Mingəçevirdən sonra ikinci ən sevdiyim komanda idi. Başda Fariz Nəcəfov olmaqla, “Qəbələ”də hamıya böyük hörmətim olub. Burda pul önəmli olmayıb heç vaxt. Burdakı insanların şəxsiyyəti, qüruru, düzgünlüyü məni bu komandaya çox bağlayıb ki, başqa harasa getməmişəm.
  • Legioner futbolçulara bənzədiyiniz üçün daha nə kimi maraqlı hadisələr yaşamısız?
  • “Qəbələ”də 9 nömrəli Vitali Balamestnı var idi. O da rus idi, məni də rusa oxşadırdııar. Mən yarımmüdafiədə oynayırdım, o da hücumda. Bir dəfə “Bakı” ilə oyunda ötürməni verdim, o qolu vurdu. Amma çox adam elə bildi ki, o ötürməni verib, mən qol vurmuşam. Bir dəfə də “İnter”lə oyunda çox yaxşı oynayırdıq. Epizod oldu və Vitali boş qapıya vura bilmədi. Bu vaxt televiziyada demişdilər ki, Azər Həşimov topu boş qapıdan keçirə bilmədi. Vitali başla çoxlu qollar vururdu. Mən də özümə deyirdim ki, Vitali bu qədər qol vurur, heç demirlər ki, Azər vurdu, ancaq boş qapı olan kimi mənim adımı çəkirlər (gülür).
  • Maraqlıdır, bizdə keçmiş futbolçulara baxsaq, əksəriyyəti heç olmasa, bir oyun olsa da, “Qarabağ” və ya “Neftçi”də çıxış edib, ancaq siz yox…
  • Düzdür, “Neftçi”dən təklif olmayıb, ancaq “Qarabağ”dan var idi. Sadəcə “Qəbələ”yə olan sevgimə görə getmədim. Daha sonra Toni Adams gəlmişdi və komandada ən çox oyun keçirən mən idim. Ancaq hiss etdim ki, çox oynamaq şansım yoxdur. Sonra MOİK-ə keçdim, iki il yüksək liqada oynadım. Həmin vaxtlarda jurnalistlər yazırdı ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Azər Həşimovu görməlidir. Şansım olanda “Qəbələ”yə olan sevgimə görə harasa getmədim, daha sonra da zədələr imkan vermədi. Zədədən sonra da enişlər başladı. Necə deyim, zədələr məni istədiyim yerlərdə olmağa qoymadı.
  • “Berti Foqts sizi görməlidir” deyə, yazılırdı. Bəs alman mütəxəssisin görməsinə mane olan nə idi? U-21-də də sadəcə bir oyuna çıxmısız.
  • Berti Foqts gəlib, bütün oyunlarımızı izləməli idi. Bəzi məşqçilər ancaq Bakıda olan matçlara baxırdı. Gərək bütün oyunçuları izləyərdilər ki, məni də görərdilər. Sizə bir söz deyim, çox acınacaqlıdır, həqiqətən. Mənim də başıma gəlib, U-21-ə klubsuz futbolçuları götürürdülər, ancaq klubu olub, oynayanlar qıraqda qalırdı. Bütün oyunları əsas heyətdə oynadığım vaxtlar məni milliyə çağırmayıb, klubsuz olanlara dəvət göndərdilər. Azərbaycan futbolunda belə şeylər çox olub, hamı da bunu bilir. Gərək ədalətli olmaq lazımdır ki, ortaya nəsə çıxsın.
  • Klubsuz olanlar nə üçün milliyə dəvət alırdı?
  • Bilirsiz niyə? Çünki məşqçi futbolçuyla əvvəlcədən oynayıb, onun oyununa bələddir. Klubsuz olsa da, dəvət göndərir. Məşqçidir də, ona kim nə deyə bilərdi? Gərək başda oturan onu sorğu-sual eləsin ki, “a kişi, bu klubsuzdur, bunu niyə milliyə çağırırsan?” Gərək düzgünlük olsun. Futbolu istəyiriksə, qabağa getmək istəyiriksə, ədalətli olmaq lazımdır. Nəyəsə nail olmaq üçün düzgünlük öndə olmalıdır.
  • Bəs indi milli komandanın məşqçiləri aşağı yaş qrupları ilə maraqlanır?
  • Xeyr, görməmişəm. Ancaq Qurban Qurbanov millidə baş məşqçi olarkən onların qurduğu struktur daha yaxşı olacaqdı. Görürdün ki, özü də olmasa, köməkçiləri U-19-ların matçlarını izləyirdilər. “Qəbələ”nin U-19-unun oyununda Qurban Qurbanovu görmüşəm. Bizim futbolumuza yerli məşqçilərdən başqa, heç kim can yandıra bilməz. Gəlib pul xətrinə işləyib, gedirlər. Onlara nə maraqlıdır ki, burda futbolçu yetişir, ya yox? Bizim özümüz can yandırarıq, istəyərik ki, bizim də futbolçular yetişsin, qabağa getsin. Xaricinin nəyinə lazımdır bu?
  • Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsində qrupu 1 xalla başa vurdu. Belə çıxır ki, sizə görə əsas səbəbkar Nikola Yurçeviç idi?
  • Bəli, mənə görə odur. Baş məşqçidirsə və bir xal toplayırdısa… Onu biz də edə bilərdik. Həqiqətən, baş məşqçisiz də futbolçularımız bir xal yox, bəlkə də beş xal toplayardı. Mənə görə səbəbkar odur.
  • Hazırda millinin baş məşqçi postu boşdur. Kimi görmək istəyərdiz yığmanın “sükanı arxasında”?
  • Azərbaycanlı mütəxəssisi! Adlar çoxdur, bu posta layiq olan məşqçilər var. Amma onlara da vaxt vermək lazımdır. Məsələn, Qurban Qurbanov. Neçə ildir “Qarabağ”dadır və görürsüz ki, artıq bu komanda Çempionlar Liqası və Avropa Liqasının qruplarında çıxış edir. Düzdür, deyə bilərsiz ki, Qurbanov “Qarabağ”da legionerlərin hesabına nəsə edir. Ancaq baxın, “Rusenborq” qələbəsində heyətin əksəriyyəti yerli futbolçular idi. Deməli, nəsə bacarmaq olar. Vaxt lazımdır ki, yerli məşqçilərə güvənək. Bizim işimizi bizdən yaxşı bilən yoxdur. Qurban Qurbanovu, Samir Abasovu, Ayxan Abbasovu bəyənirəm. Yaxşı məşqçilərimiz çoxdur.
  • Futbolçu olduğunuz vaxtlarda sonradan peşman olduğunuz qərarlar vermisiz?
  • Bəli, olub. 2011-ci ildə “Qəbələ”dən icarə əsasında “Şəmkir”ə getdim. Bu qərarımla futbolumda eniş oldu. Orda baş məşqçi Faiq Cabbarov idi. Ona görə getmişdim, ancaq səhv qərar olduğunu düşündüm. Bildim ki, futbolçu yüksək liqadan aşağı liqaya gedirsə, elə bil bataqlığa düşüb. Bundan sonra da aldığım zədələr məni yuxarı çıxmağa qoymadı.
  • Faiq Cabbarovla xüsusi yaxınlığınız var. Bildiyimə görə, pul toplayaraq, onun həbsdən çıxmasına da yardımçı olmusuz…
  • Faiq Cabbarovu heç vaxt unutmaram, unuda bilmərəm. Mən “Energetik”də oynayanda bilirdik ki, biz yaxşı futbol oynayırıq. Amma bizə dəyər verən yox idi. Maaşımız da çox az idi. Bizdən 5-6 qat çox alan futbolçuları udurduq. Özümüzə də pis təsir edirdi ki, bizdən üstün olanları uduruq, ancaq qiymət vermirlər. “Energetik”lə yüksək liqaya çıxdıqdan sonra Faiq Cabbarov məni gördü və öz komandasına – “Göy-Göl”ə götürdü. Məni hər oyunda oynadırdı. Sonra yüksək liqaya çıxdıq. Bilirsiz, vəziyyət elə idi ki, deyirdilər, yüksək liqaya çıxın, sizə onu edəcəyik, bunu edəcəyik, lakin yüksək liqaya çıxandan sonra səni komandadan göndərib, başqalarıyla əvəzləyirlər. Ancaq Faiq Cabbarov məni komandada saxladı və dedi ki, sənə inanıram. İnsanıq, hamının problemi olur. Faiq müəllimin yaxşılıqlarını heç bir zaman unutmamışam və onunla münasibətlərimiz yaxşı olub. Nə bacardığımız varsa, kömək etməyə hazırıq. Bu, bizim insanlıq borcumuzdur. Həyat budur, bir-birimizə dəstək olmalıyıq.
  • Azərbaycan Premyer Liqasını izləyirsizmi və sizcə, çempionat sona qədər oynanmalıdırmı, yoxsa artıq 8 xallıq fərq var və çempionluq “Qarabağ”a verilib, mövsüm dayandırılmalıdır?
  • Fikrimcə, davam etdirilməlidir. İndi 8-ci olan “Qəbələ” yenə Avroliqaya düşə bilər. 5, 6, 7 və 8-ci sırada olan komandaların şansı var ki, Avroliqaya getsin. Ədalətli olardı ki, çempionat davam etsin. Ən böyük ölkələrdə də çempionatlar başlayıb. Ən çox virus olan ölkələrdə futbol gedirsə, bizdə də davam etdirilməlidir.
  • Karyeranızla bağlı hədəfləriniz nədir?
  • Gələcəkdə imkan olan kimi A kateqoriyası alacam. Hər bir futbolçunun, məşqçinin məqsədi olmalıdır ki, nəyəsə nail olsun. Pillə-pillə nəsə etmək lazımdır. Azərbaycanda yaxşı çalışıb, uşaqlara futbolu öyrətməliyik. Futbolçulara indidən istiqamət verməliyik ki, biz etdiyimiz səhvləri etməsinlər. İstəyimiz odur ki, biz də adlı-sanlı klublarda məşqçi kimi çalışaq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button