“Son zamanlarda Azərbaycan futbolunda səviyyəli legioner görmək çətindir” – Müsahibə

“Qəbələ”nin futbolçusu Cavid Hüseynovun Komanda.az saytına müsahibəsi:

  • Cavid, Azərbaycan Premyer Liqasında artıq 3 tur geridə qalıb və formasını geyindiyin “Qəbələ” hələ qələbə qazana bilməyib…
  • Düşünürəm ki, üç turda da komandamız yaxşı təsir bağışlaya bilib. Buna baxmayaraq, hələ qələbə qazana bilməmişik.
  • Qələbə üçün nə çatmır?
  • Əslində, hər üç qarşılaşmada da kifayət qədər qol imkanları yaratdıq, sadəcə sonluğu gətirməkdə çətinlik çəkirik. Ümid edək ki, qarşıdakı oyunlarda bu problemi aradan qaldıracağıq.
  • Üç turda oyunlara ehtiyatda başlamısan. Baş məşqçiniz Elmar Baxşıyev sənin ehtiyatda qalmağına səbəb kimi hələ formada olmadığını deyir. Bu fikirlə razısan?
  • Mənim oynamağım sırf baş məşqçinin işiylə bağlıdır. Hər məşqçinin öz baxış tərzi var. Mən səbrlə vaxtımı gözləyirəm.
  • “Qəbələ”nin heyəti gəncdir və gələn legionerlər də hələ istənilən səviyyədə deyil. Bu heyətlə çempionatda nəyə iddia edirsiz?
  • Gənclər ötən il də oynayaraq, artıq təcrübə qazanıblar. Düşünürəm ki, bu il nəticə vermək üçün oynamaq lazımdır və inanıram ki, bunu da bacaracağıq. Legionerlərə gəldikdə, artıq son zamanlarda Azərbaycan futbolunda səviyyəli legioner görmək çətindir. Gələn xarici futbolçular da aşağı-yuxarı, eyni səviyyədədirlər.
  • Klubda hazırda maliyyə problemləri var. Məvacibləriniz vaxtında verilir?
  • Bəli, maaşlarımızı vaxtında alırıq.
  • Cavid, Canni De Byazinin yığmanın Lüksemburq və Kiprlə oyunu üçün açıqladığı heyət birmənalı qarşılanmamışdı. Klubsuz olan (hazırda “Boluspor”) və uzun müddət oynamayan Araz Abdullayev belə, milliyə dəvət alsa da, sən siyahıdan kənarda qaldın. Ümumiyyətlə, yığmanın məşqçiləri səninlə maraqlanır?
  • Əlbəttə, millinin heyətində olmaq istəyərdim. Düşünürəm ki, yığmanın qapıları hər bir futbolçunun üzünə açıqdır. Millinin baş məşqçisi də çempionat oyunlarını izləyir. Ümid edirəm ki, yığmanın gələcək oyunlarında heyətdə yer alacam.
  • Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsız. Oyunla bağlı fikirlərin nələrdir?
  • “Neftçi” son turda güclü “Qarabağ”ı məğlub etməyi bacardı. Ancaq “Neftçi”dən çəkinəcəyimiz bir şey yoxdur, maraqlı oyun olacağını düşünürəm.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button