“Səbail”də qruplaşma var? – Rahid Əmirquliyevlə MÜSAHİBƏ

“Səbail”in futbolçusu Rahid Əmirquliyevin Komanda.az saytına müsahibəsi:

  • Ardıcıl 10 oyundur ki, qələbə qazana bilməyən “Səbail” üçün ilk dövrəni necə dəyərləndirirsən?
  • Baxmayaraq ki, çempionata yaxşı başladıq, 4 oyuna 3 qələbə qazandıq, turnir cədvəlində də yuxarıdaydıq. Sonra komandada bəzi problemlər yarandı və eniş baş verdi. Sonrasında da, 10 oyundur ki, uda bilmirik. Ümumi götürəndə, ilk dövrəni pis bitirdik, daha çox xal qazana bilərdik.
  • Bəzi problemlər dedikdə nəyi nəzərdə tutursan?
  • Problemimiz o oldu ki, Avroliqa oyunundan sonra komandadan çox futbolçu getdi və onların yerinə gələn olmadı.
  • Məğlubiyyətlərə səbəb nədir? “Neftçi”ni büdrədə bilirsiz, ancaq “Keşlə”yə, “Zirə”yə, “Sabah”a məğlub olursuz...
  • Məğlubiyyətlərin səbəbini bilmirik, bilsək, bunu aradan qaldırardıq. Biz də çalışırıq ki, meydana çıxıb, qələbə qazanaq. Təəssüf ki, son 10 oyundur alınmır. “Neftçi”dən xal aldıq, ondan əvvəl də yaxşı oyunlarımız olub. Yaxşı oynasaq da, xal ala bilməmişik. Biz də səbəbləri axtarırırq, çalışırıq ki, problemləri aradan qaldırıb, qələbə qazanaq.
  • “Səbail” ilk dövrəni son sırada bitirdi və ilk dəfədir ki, komanda turnir cədvəlində bu yerdədir. Günahkar kimdir: baş məşqçi, yoxsa futbolçular?
  • “Səbail” ilk dəfədir sonuncudur. Günahkar deyəndə, sondayıqsa, kimisə xüsusilə günahkar saymaq düz deyil. Futboldur, komanda oyunudur. Sondayıqsa, bu, komandanın günahıdır. Ayrıseçkilik etmək olmaz.
  • “Səbail”də yenidən maliyyə problemlərinin olduğu deyilir. Məvacibləriniz verilirmi?
  • Mövsümdən əvvəl belə problemlər var idi. Ondan sonra bir xeyli düzəlib. Düzdür, gecikmələr olur, ancaq verilir. Bu da normal haldır. Böyük maliyyə probleminin olduğunu deməzdim.
  • Komanda daxilində qruplaşmanın olduğu və konkret, idarəçiliyin kapitanınız Eltun Yaqubluda olduğu iddia olunur. Bu məsələyə aydınlıq gətirərdin.
  • Bunu bilmirəm kim deyir. Görməmişəm ki, komandada qruplaşma olsun, nə bilim, nə olsun. Bizim baş məşqçimiz var. Oyundan kənarda və ya meydanda hər şey baş məşqçinin tapşırığı ilə olur.
  • Komandanın ikinci dövrəyə uğurlu başlaması üçün nə etmək lazımdır?
  • Çempionatın ilk dövrəsini sonuncu bitirdik. İkinci dövrədə nəyəsə nail olmaq istəyiriksə, heyət güclənməlidir, yeni nəfəs lazımdır.
  • Bu mövsümün sonunda “Səbail”i hansı pillədə görə bilərik?
  • Yenə deyirəm, yüksək yerlərə qalxmaq istəyiriksə, transfer etməliyik.
  • Qış transfer pəncərəsi dövrünün də açılmasına az qalıb. Baş məşqçiniz Aftandil Hacıyev də son oyundan sonrakı konfransda komandadan gedənlərin çox olacağını dedi. Özünün də gedənlər sırasında olduğunu düşünürsən?
  • Aftandil müəllimin dediklərini mən də oxumuşam. Gedənlər arasında olub-olmadığımı bilmirəm. Yəqin ki, gedənlərin adı qarşıdakı iki kubok oyunundan sonra bilinəcək.
  • Təklif olsa, ayrılmaq haqda düşünəcəksən?
  • Qarşıda iki kubok oyunu var. “Səbail”lə hələ 6 aylıq müqaviləm var və başqa təklif də yoxdur. Belə deyim də, hələ ki, burdayam.
  • Premyer Liqada son oyunda “Zirə”yə məğlub olduz. Kubokda da bu rəqiblə qarşılaşacaqsız. Bu oyunlara bir növ qisas almaq hissi ilə çıxacaqsızmı?
  • “Zirə”yə uduzduq, ancaq buna baxmayaraq, kubok oyunları fərqli olur. Həmin oyunu da təhlil edib, nəticə çıxaracağıq. Yaxşı hazırlaşıb, kubokda mərhələ keçmək istəyirik.
  • “Səbail”lə yanaşı, “Qəbələ”nin də maliyyə problemləri var. Komandanın dağılmaq təhlükəsinin olduğu deyilir. Çempionatda cəmi 8 komanda, bunların da ikisinin maliyyə problemi var. Səncə, buna səbəb nədir?
  • Mən də oxumuşam, “Qəbələ”də vəziyyət pisdir. Bizdə də problemlər oldu. Bu nədən irəli gəlir, bilmirəm. Amma bu, Azərbaycan futbolu üçün yaxşı hal deyil. “Qəbələ” kimi klub dağılsa, bu, Azərbaycan futboluna böyük bir zərbə olacaq. Maliyyə probleminin nədən qaynaqlandığını bilmirəm.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button