“Qəbələ” üçün UEFA Gənclər Liqasında 7 potensial rəqib

Sabah futbol üzrə UEFA Gənclər Liqasında 2020-2021-ci illər mövsümünün ilk püşkatma mərasimi keçiriləcək.

Komanda.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə Çempionlar Liqası yolu və Çempionlar yolunda 1/32 final mərhələsinin cütləri bəlli olacaq.

AFFA-nın keçirdiyi Gənclər Liqasında Azərbaycan çempionu olan “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının da rəqibi müəyyənləşəcək.

Püşkatmadan öncə UEFA iştirakçıları qruplara bölüb. Hər qrupda yer alan 8 komanda püşkdə 4 cüt təşkil edəcək. “Qəbələ” Çempionlar yolunda 4-cü qrupa daxil edilib. “Qırmızı-qaralar”ın potensial rəqibləri “Çertanovo” (Rusiya), “Dinamo” (Minsk, Belarus), “Kayrat” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Lüdororets” (Bolqarıstan), “Şkendiya” (Şimali Makedoniya) və “Şerif” (Moldova) klublarıdır.

Xatırladaq ki, martın 2-3-də keçiriləcək 1/32 final mərhələsi bir oyundan ibarətdir.