“Güclənməyə ehtiyac var və bu yöndə axtarışlarımız davam edir” – Elmar Baxşıyev

“Qəbələ” 2020/2021-ci illər mövsümünə hazırlıq çərçivəsində keçirilən yoxlama oyununda “Neftçi” ilə üz-üzə gəlib.

Komanda.az “qırmızı-qaralar”ın saytına istinadən xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev 1:2 hesabıyla məğlub olduqları görüşü belə şərh edib:

“Çempionata hazırlıq çərçivəsində son yoxlama oyunumuzu keçirdik. Ümumi hazırlığımızı istədiyimiz kimi başa vurduq. Oyundan-oyuna komanda istədiyimizi meydanda göstərməyə başlayır. Heyətə yeni qoşulan oyunçular var və getdikcə onların komandaya faydaları dəyəcək. Əlbəttə, güclənməyə ehtiyac var və bu yöndə axtarışlarımız davam edir”.

Azərbaycan Premyer Liqasında yeni mövsümsə avqustun 21-də start veriləcək. “Qəbələ” ilk tur çərçivəsində ayın 23-də doğma meydanda “Zirə” ilə qarşılaşacaq.