“Yazmışdım ki, onu Azərbaycana gətirənin başına daş düşsün” – Müsahibə

Son vaxtlar Veteranlar İttifaqı ilə yeni yaranan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı arasında “söz müharibəsi”nə şahidlik edirik. Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanov Veteranlar İttifaqının sədri Oqtay Abdullayevi bir çox vəzifə tutmaqda ittiham etmişdisə, Abdullayev cavabında deyilənlərin yalan olduğunu bildirmişdi. Futbol veteranları arasında olan qalmaqalla və Azərbaycan futbolunun bugünkü durumu ilə bağlı keçmiş hakim, Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının üzvü Orucəli Durmuşovla söhbət etdik:

  • Azad Həmkarlar İttifaqı yarandığı gündən hansı işlərlə məşğul olub?
  • İşlər görülür. Bu, çox gözəl iş yox, tədbirdir. Bunu Nazim Süleymanov yox, biz yaratmışıq. Əfqan Talıbov, Asəf Namazov, Norvuz Əzimov, Səmədağa Şıxlarov və s. Oturduq, fikirləşdik ki, nə edək. Mən də o vaxtlar Həvəskarlar Federasiyası, Tələbə Federasiyası yaratmışam. Bu Həmkarlar İttifaqını da biz yaratmışıq. Sadəcə dedik, “Nazim, sən cavansan, səni seçək”. O da razılıq verdi. Yaranandan neçə-neçə rayonlara getmişik. Konfrans keçirəndə də bu rayonlardan adamlar gəlmişdi. Sədr olaraq məni istəyirdilər, ancaq razılıq vermədim. Çünki indi məndə o güc yoxdur. Bir gün gələrəm, bir gün gəlmərəm. Baxmayaraq ki, 75 yaşım var, çağırıldığım bütün tədbirlərə gedirəm. Hətta Rusiyadan, Ukraynadan da çağırırlar. Ancaq 3-4 ildir Oqtay Abdullayevlə bir az küsülüyük. Nəsə tədbirlərə də çağırmır məni. Çağırılmadığım yerə də getmərəm. Çalışırıq ki, Həmkarlar İttifaqı olaraq futbolçuların, hakimlərin, futbol aləmində işləyənlərin tərəfini müdafiə edək. Bəziləri işləmir, cavan-cavan uşaqlar var, diplomları əllərindədir, işlə təmin olunmurlar. Ancaq xaricdən gələnlər işlə təmin olunur.
  • Veteranlar İttifaqı ilə Həmkarlar İttifaqı arasında son zamanlarda “söz müharibəsi” başlayıb.
  • 1999-cu ildə Həvəskarlar, 2004-cü ildə Qadın Futbol Federasiyasını, daha sonra Tələbə Federasiyasını açdım. Tələbələrlə Avropa, dünya çempionatında iştirak edirdik. Ancaq 4 ildir Tələbə Futbol Federasiyası yoxdur. Biz hamımız veteranıq. Veteranlar İttifaqının da üzvüyəm. AFFA-dan 180, “Neftçi”dən 85 manat təqaüd alıram. Axı mən həm futbolçu, həm hakim olmuşam, AFFA-da da işləmişəm. Axı məni nə üçün saymırlar, çağırmırlar? Mən yenə də incimirəm. Bu yaşda hər yerə gedə bilərəm. Düz yol olsun, uşaq qulluğuna da gedərəm. İndi Oqtay deyir ki, Həmkarlar İttifaqı niyə açılıb? Bu, hər yerdə var, Ukraynada, Rusiyada. Mən hamı ilə dostam, ancaq Oqtayla xırda məsələyə görə küsülüyük. Məni hara çağırıbsa, gedirəm. 4-5 il əvvəl lider mən idim, bütün veteranları hər yerə aparırdım. İndi nə olub, niyə məni 4 ildir çağırmır? Çünki mən sözümü düz deyirəm, heç kimdən də çəkinmirəm. Bütün futbolçularla, Oqtayın komandası da, hamımız bir olmalıyıq. Mən də, Nazim də, Səmədağa da veterandır. Mən həmişə bir olmalı olduğumuzu deyirəm. Kim bacarır, o işləməlidir. Amma indi bacarmayanlar da var. Azərbaycan futbolu naminə çalışmalıyıq. Futbol pis vəziyyətdədir, uçuruma gedir. Bir halda ki, 8 komanda var, bizim 20-21 yaşlı uşaqlarımız karyerasını bitirir. Ancaq xaricdən 30-35 yaşlılar gəlib “lipa” oynayır, bizimkilər də gedir, “semiçka”, su satmağa. Biz hamımız bir olmalıyıq. Futbolumuz naminə bütün veteranlar birləşməlidir. Yunis Hüseynova, Vəli Qasımova kömək etmişəm. Əlimdən gəlib, mən də etmişəm. Yenə də hər zaman kömək etməyə hazıram. Çağırıldığım yerə gedirəm, çağırılmadığım yerə yox. Mənə acıq gəlir ki, ömrüm Azərbaycan futbolunda çürüyüb. Oqtayla işləmişəm, ondan əvvəl də mən var idim. Sonra Oqtay seçildi və ondan sonra söz-söhbət oldu. Bəlkə də buna görə çağırmır. Amma hər zaman onların qulluğunda hazıram.
  • Oqtay Abdullayev “Futbol+” qəzetinə verdiyi müsahibədə, sizin adınızı çəkməsə də, digər veteranları dəvət etdiyini, onların gəlmədiklərini deyib.
  • Novruz Əzimovla görüşmüşəm, dedi gedəcəkdim, işim çıxdı. Amma Asəf Namazovu, Səmədağa Şıxlarovu, məni, Vaqif Hüseynovu, Gülağa Cabarovu çağırmayıblar. Mən bütün işlərdə işləmişəm – futbolçu olmuşam, federasiyada baş katib olmuşam, ancaq məni çağırmırlar. O dəfə Rusiyada “Krasnodar” komandası tələbələr arasında Avropada çempion oldu. Məni mükafatlandırma üçün çağırdılar. Məni qıraqdakılar sayır, özümüzünkülər yox. Axı, mənim ömrüm Azərbaycan futboluna həsr olunub. Ömrümboyu Azərbaycan futbolunda olmuşam. 1982-ci ildə mənim rəhbərliyim ilə “Toxucu” komandası Azərbaycan çempionu olub. Həmin vaxt “Əməkdar məşqçi” adını aldım. 9 dəfə Azərbaycan çempionu olan “Kompressor” komandasının heyətində olmuşam. Sonra Eldar Əzimzadə ilə çiyin-çiyinə hakimlik də etmişəm. “Dinamo”, “Spartak” kimi komandaların oyunlarını idarə etmişəm. Hakimliyə 1974-cü ildən başlamışdım. Azad Həmkarlar İttifaqı olmalıdır. Necə bütün ölkələrdə var, bizdə də olmalıdır. İndi kimsə qorxur ki, kimsə onun yerinə keçər. Heç kimin heç kimin yerində gözü yoxdur. Sadəcə, ali savadı olan işsiz gənclər var, Pro kateqoriyaları da var, ancaq işləmirlər. Azərbaycan futboluna köməklik üçün bu ittifaq olmalıdır. Həm Veteranlar İttifaqı, həm də Həmkarlar İttifaqı buna kömək etməlidir. İki ay əvvəl Elxan müəllimlə (Məmmədov) görüşdük və razılıq verdi ki, işləyək. Bəyəndi bu fikri. Biz də sənədləri hazırlamağa başladıq. Heç kim heç kimin bostanına daş atmasın. Oqtay da öz işi ilə məşğul olsun, biz də.
  • Elxan Məmmədov razılıq vermişdisə, bəs nə üçün AFFA sonradan bu ittifaqın qanunsuz olduğunu bəyan etdi?
  • Biz 12 nəfərik və hamımız eyni anda yalan danışa bilmərik. O bizə dedi ki, sənədləri hazırlayın, bu, onun ağzından çıxan sözdür. Elxan söz verdi, biz də inandıq və canla-başla işləməyə başladıq. Hamını da dəvət etdik. Sadəcə, dəvət məktubları hazırlanmamışdı. Buna baxmayaraq, hamısına telefonla demişdik. Mən bu yaşdayam, ancaq arxaya çəkilmək də istəmirəm. Mənim əlimdə xeyir var, inanıram ki, bu iş də düzələcək. Nazim yaxşı futbolçu olub, Rusiyanın komandalarında Azərbaycanı təmsil edib. Onun kimi İsgəndər Cavadov da. Biz indi Nazimə iş vermişik, sona qədər də işimizi görəcəyik. Və yüzdə yüz də alınacaq. Müəyyən hökumət qurumlarına da məktub yazacağıq. Biz də veteranıq, veteran veteranın ayağından çəkməz. Bir yumruq olmalıyıq. Uşaq futbolunun inkişafına kömək etməliyik. Cavan hakimlərimiz var, onları da işlə təmin etməliyik. Bunlardan heç mənfəət də gözləmirəm, AFFA-dan və “Neftçi”dən aldığım məvacib mənə bəs edir.
  • Hazırda əsas hədəfdə olan Nazim Süleymanovdur. Kazbek Tuayev son açıqlamasında Sülyemanova xitabən “it hürər, karvan keçər” deyib…
  • Düz deməyiblər. Hamısı mənim dostumdur. Çox şey edə bilərəm, ancaq heç nə etmirəm. Kazbekdən bunu gözləməzdim. Futbol adamıdır, azərbaycanlı futbolçular yetişdirib. Burda hamı bir-birinin bostanına daş atır, atmasınlar. Yaxşı olmaq lazımdır. Bilirəm ki, veteranlar da işləyəcək, həmkarlar da. Azərbaycan futbolunda hər zaman belə olub. Böyüklər bir az özünü üstün hesab edir. Məşqçilərlə işləmək lazımdır. Gedib ya AFFA-nın, ya da klubların razılığını almaq lazımdır ki, məşqçilərə şərait yaradılsın, uşaqları yetişdirsinlər. Rayonlara üz tutsaq, 3-4 komanda yaradarıq.
  • AFFA Azad Həmkarlar İttifaqının bir qədər ön plana çıxmasından sonra veteran futbolçulara iş verməyə başlayıb. Nə vaxtsa AFFA-dan təklif olsa, işləyərsiz?
  • Mən heç yerdə işləmək istəmirəm, artıq 75 yaşım var. Krasnodara yollananda orda mənə iş təklif etdilər. Dedilər məşqçi-seleksioner ol. Deyirdilər ki, siz bizə lazımsız. Ancaq neynirəm bunu? Bu yaşımda buranı qoyum gedim? Mən Azərbaycana oyunçular gətirmişəm, adları artıq yadımdan çıxıb. O vaxt belə, pul tələb etməmişəm. Pulsuz və təmənnasız. Nə qədər uşaq gətirmişəm. Oynayanı da var, karyerasını bitirəni də. Ruslan Qurbanov kimi oyunçulara dəstək olmuşam. Abışov Rasim vardı, “Neftçi”nin keçmiş futbolçusu, onunla birgə çox işlər görmüşük. Rus, ukraynalı məni çağırır, azərbaycanlı yox. Mən bəyəm Azərbaycan futbolunun düşməniyəm? Tahir Süleymanovu hakimliyə mən gətirmişəm, zəng edin, soruşun. Ondan başqa, çox hakimlər də olub, tapıb, Azərbaycana gətirmişəm. Xaqani Məmmədov “mənəm-mənəm” deyirdi, ancaq indi işləyənlər mənim hakimlərimdir.
  • Azərbaycan futbolunun hazırkı səviyyəsi ürəkaçan deyil. Bunun səbəbini nədə görürsüz?
  • Uşaq məktəblərinin yaxşı səviyyədə olmamasıdır. Öz uşaqlarımız yoxdur, baxın, Ramil Şeydayev gəlmədir. Öz oyunçumuz demək olar yoxdur, bircə Mahir Emrelidir. Təməl problem uşaq futboludur. Məşqçilər seçimi düz etmir, pullu adamın oğlunu götürürlər, kasıbın yaxşı oynayan uşağı qıraqda qalır. Gözümün qabağında olan hadisədir. Bir-iki dəfə Əmircandan uşaq aparmışdım, yaxşı da oynayırdılar, götürmədilər. Ancaq sonradan yekəqarın biri gəldi, uşağını götürdülər. Vaqif Paşayev var, Rəşad Sadıqovun müəllimi olub. Məşqçilərə də şans vermək lazımdır, ən azı 3 il işləməlidir. Bizdə biri 3 ay, biri 5 ay işləyir. Məsələn, Vaqif Cavadov hazırda futbolsuzdur, niyə? 8 komandanın heç birində ona yer yoxdur? Vaxtı ilə Rusiya millisinə qol vurub, Azərbaycana xal qazandırıb. İndi niyə oynamır? Gedib xaricdə oynamalıdır? İndi elə qaradərili oyunçular gəlir ki, nə anasını tanıyırıq, nə atasını (gülür). Özü də oynaya bilmir. Məşqçilərlə işləmək lazımdır.
  • Əvvəl hakim-inspektor da olmusuz. Hazırda Azərbaycan futbolundakı hakimlərin işini necə dəyərləndirirsiz?
  • Fritz Stuxlikin qaydası yaxşıdır. Bir tərəfdən düz edir, bəzi hakimləri çıxartdı. Hakimdir, səhv etmək olar, ancaq bunu bilərəkdən edən artıq rüşvətxordur, etdiyi hərəkət rüşvətxorluqdur. Bizim vaxtımızda var idi beləsi.
  • Xaqani Məmmədov?
  • Xaqani Məmmədov oyuna 7 dəqiqə vaxt əlavə edir və “Xəzər Universiteti”nin qapısına qol vurulur. AFFA-nın mərhum prezidenti Fuad Musayev sonra onun yanında gedir və rus dilində söyür, özü də necə lazımdır. Deyir “90 dəqiqə ərzində heç nə etmirsən, 7 dəqiqə əlavə edib, penalti təyin edirsən”. Biri də var, sadəcə, rəhmətə gedib deyə, danışmaq istəmirəm. Mən də bir il Hakim-İnspektorlar Komitəsinin sədri olmuşam, Eldar Əzimzadə ilə birlikdə. Məndən sonra da onu sədr seçdik.
  • 21 yaşlılardan ibarət Azərbaycan millisi Fransaya…
  • Biabırçılıqdır, 0:5! Məndən soruşmuşdular ki, necə olacaq? Demişdim ki, 0:4, ya da 0:5. Bax, indi o məşqçi bizə lazımdır? Öz uşaqlarımız ondan da yaxşıdır. Öz uşaqlarımız qalıb qıraqda. Məsələn, Babək Alxasov. Qıraqdan gələnlərə yaxşı pul da verirlər. Əvvəl Berti Foqtsdan yazmışdım. Yazmışdım ki, onu Azərbaycana gətirənin başına daş düşsün. Gəldi 6 milyon apardı. Bizim futbolumuz daha da pis günə düşdü. Sonra Robert Prosineçki gəldi, nə oldu? İndi də Yurçeviç gəlib, nə olacaq? Adamın ürəyi yanır. O vaxt hamısı azərbaycanlı idi millidə. Bir dənə rus var idi sadəcə. Hamısı azərbaycanlı idi. Nəticə də var idi. Slovakiyanı udmuşdular. O vaxt pul da yox idi. Uşaqlar oyuna borş yeyib getmişdilər. İndi pul var, oyunçu yoxdur.
  • “İndi pul var, amma nəticə yoxdur” deyirsiz. Sizcə, bu nədən qaynaqlanır?
  • Federasiyadan. AFFA rəhbərliyi bu işə ciddi baxmalıdır, düzgün seçim etməlidir. O Bippertdir, Lippertdir nədir, idman müəllimidir, bizim ali savadlı məşqçilərimizə dərs deyir. Böyük biabırçılıqdır. 7 ildir burdadır. Nə qədər pul alır, bilmirəm. Danışandan sonra da dostlarla, tanışlarla yaxşı olmuruq. Oqtay və Nazim birləşib, əl-ələ verməlidirlər. Onlar Azərbaycan futbolu üçün işləməlidir, biz də kömək etməliyik. Nə qədər gücümüz çatır da edəcəyik. Birləşməliyik. Baxın ermənilərin Avropa çempionatındakı xalına, biabırçılıqdır. Adam hirslənir.

Şahin Cəfərov