AÇ-2020: Ronaldo söz verdi

Portuqaliya milli komandasının futbolçusu Kriştiano Ronaldo AÇ-2020 ilə bağlı fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı hücumçu, hər oyuna qələbə üçün çıxacaqlarını deyib:

“Turnir başlamamış proqnoz verməyin əhəmiyyəti var? Mənim verə biləcəyim söz odur ki, hər bir oyuna qələbə üçün çıxacağıq. Bizdən gözləntilər çoxdur. Çünki əvvəlki illərdə nələr edə biləcəyimizi görüblər. Hər zaman qələbə üçün oynayırıq.

Bizə uyğun rəqiblərlə oynayacağıq. Hər komandaya hörmətlə yanaşırıq. Böyük turnirdəyik və burda asan oyun yoxdur. Biz Avropa çempionuyuq və Millətlər Liqasının ilk qalibiyik. Bunu heç kim unutmayacaq. Hər oyun ən yaxşısını etməyə çalışacağıq.

AÇ-2020-yə ilk turnirim kimi çıxıram. Hazırda hiss etdiklərim 2004-dəkindən fərqlənmir. Son Avropa çempionatının qalibi bizik və bu yarışın da favoritlərindənik”.

Portuqaliya yığması AÇ-2020-nin F qrupunda Almaniya, Fransa və Macarıstanla qarşılaşacaq.