Poqba yeni klubu ilə müqavilə imzaladı

İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən Pol Poqbanın qardaşı Florentin Poqbanın yeni komandası müəyyənləşib.

Komanda.az xəbər verir ki, o, gözlənildiyi kimi Fransanın 2-ci liqa təmsilçisi “Soşo”ya transfer olunub.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı müdafiəçi tibbi müayinələrdən uğurla keçib və 3 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, son klubu MLS təmsilçisi “Atlanta Yunated” olan Florentin Poqba, karyerası ərzində “Sedan”, “Sent-Etyen”, “Gənclərbirliyi” kimi komandalarda da forma geyinib.