PFL Premyer Liqa üçün sponsor tapa biləcək? – Açıqlama

“Topaz”la əməkdaşlığın bitməsindən sonra Azərbaycan Premyer Liqasının cari mövsümü uzun zamandan sonra ilk dəfə sponsorsuz start götürdü.

Bir müddət əvvəl Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev mətbuata verdiyi açıqlamada, sponsorluq üçün danışıqlar apardıqlarını bildirmişdi. Daha sonra isə PFL Premyer Liqaya sponsorluq üçün tender elan etdi. Tenderlə bağlı vəziyyət nə yerdədir? PFL Premyer Liqaya sponsor tapa biləcəkmi? Qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Komanda.az-a açıqlamasında, bu suallara aydınlıq gətirdi:

“Bildiyiniz kimi, çempionatın sponsoru üçün tender elan etmişik. Tender 6 sentyabrda bitir. Bəzi yerli və xarici şirkətlərdən maraqlananlar olub. Sponsorluq üçün təklif paketini həmin şirkətlərə göndərmişik. Bütün detallar müzakirə olunduqdan sonra, əsas, maliyyə məsələlərində razılığa gəlsək, müqavilə imzalanacaq və ictimaiyyətə məlumat veriləcək. Əks təqdirdə, ölkə çempionatına Azərbaycan Premyer Liqası adı altında davam edəcəyik”.

Bəs sponsor tapılmasa, bunun PFL-in fəaliyyətinə mənfi təsiri olacaqmı? Şahgəldiyev “yox” deyir:

“Sponsorluq məsələsinin PFL-in fəaliyyətinə mənfi təsir göstərəcəyinə inanmıram”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button