“Oyunumuzdan həzz almalıyıq” – Sənan Qurbanov

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyuna nəzarət tam olaraq bizdə idi. Amma qol imkanlarından istifadə edə bilmədik. Halbuki məşqlərdə bunun üzərində işləmişdik. Tapşırıqları yerinə yetirdiklərinə görə futbolçularımı təbrik edirəm. Üstünlük bizdə olsa da, rəqib qələbə qazandı. Futbolda belə hallar olur. Gərək, futbolçular üzülməsinlər. Düzdür, yaxşı oynadığın matçdakı məğlubiyyəti başa düşmək çətindir. Qapımız qarşısında təhlükəli əks-hücumlar gördük. Daha çox meydanın rəqibə aid hissəsində oynadığımızdan mümkün qədər uzun paslardan istifadə etməməyə çalışırdıq. İkinci hissədə isə topa daha çox sahib olduq.

Artıq bu görüşü unutmalıyıq. Qarşıda daha 2 oyunumuz var. Eyni zamanda, kubokun finalındayıq. Bunlar bizim üçün çox önəmli matçlardır. Bütün futbolçuları psixoloji cəhətdən oyuna hazırlamağa çalışacağıq. Mövsümü titulla başa vura bilərik. Bunun üçün pozitiv olmalı, oyunumuzdan həzz almalıyıq. Həmçinin səhvləri aradan qaldırmaq üçün onların üzərində işləmək lazımdır”.

Baş məşqçi Sezar Meza Kollinin “Neftçi” ilə anlaşmasına dair çıxan xəbərlərə də aydınlıq gətirib: “Meza Kolli bacarıqlı futbolçudur. Ona təklif gəlməsi normaldır. Amma hazırda bizimlə müqaviləsi davam edir. Finalda da “Keşlə” ilə birlikdə olacaq. Yalnız həmin matçın final fitindən sonra onunla bağlı qərar veriləcək. Başqa istedadlı oyunçularımıza da təklif ola bilər. Həmin futbolçuları komandada saxlamağa çalışacağıq. Hələlik, real vəziyyət budur”.