Oyun sxemini dəyişməliydim, çünki… – Bordin

“Neftçi”nin baş məşqçisi Roberto Bordinin Premyer Liqada “Keşlə”ni məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Bordin, 2:0 hesabıyla bitən matçı belə şərh edib:

– Oyun asan alınmadı. Rəqibimiz bütün heyətlə müdafiə olunurdu. Buna baxmayaraq, bir neçə təhlükəli vəziyyət yaratdıq. Oyunu idarə edən tərəf biz olduq, qoldan sonra da təhlükəli hücumlarımız oldu. Müdafiədə də bəzi boşluqlar oldu. Qolkiperimiz Səlahət Ağayev yaxşı oyun nümayiş etdirərək, qapısını toxunulmaz saxladı. İkinci qoldan sonra da şanslarımız oldu. “Qarabağ” dünən qələbə qazandığına görə, üzərimizdə təzyiqlər var idi.

– Canluka Sansone özünü yaxşı tərəfdən göstərə bildimi?

– Sansonenin oyun praktikası azdır. Ritmi tutmağa hələ zaman lazımdır. Sansoneni yaxşı tanıyıram. Bütün oyunçulara, eləcə də Sansoneyə zaman lazımdır.

– Platellasın oyunu necə?

– Platellas həm hücumda, həm də müdafiədə komandaya kömək olur. Onun oyunundan çox razıyam. Oyun sxemini dəyişməliydim, çünki futbolçu çatışmazlığı var idi. Rəqibin oyununa görə sxemi müəyyən edirəm. Oyunun gedişatında iki hücumçuyla oynamaq istəyirdim. Lakin rəqib 9 nəfərlə hücum edirdi. Bu, sxemi dəyişməyə mane oldu.

– Rəhman Hacıyev neçə oyundur ki, oynamır. Buna səbəb nədir?

– Rəhman heç bir futbolçudan geri qalmır. Hazır vəziyyətdədir. Sadəcə, rəqibə görə müəyyən sxem qururam.

– Mirabdulla Abbasovun oyununda geriləmə müşahidə edilir…

– Deməzdim geriləmə var. Sadəcə, bugünkü oyunda ilk vəziyyətdə qol vura bilərdi. Ondan sonra da çox çalışdı.

Şahin Cəfərov