“Onun taleyinə rəhbərlik qərar verəcək” – Müsahibə

Azərbaycan Premyer Liqasının son mövsümünə rəng qatan klublardan biri də “Sabah” oldu. Elitada ilk mövsümünü keçirən komanda çempionatın əvvəlində yetərincə yaxşı təsir bağışladı. Amma mövsümün sonlarına yaxın debütanta sanki göz dəydi, ardıcıl xal itkiləri “Sabah”ın Premyer Liqanı 7-ci yerdə bitirməsinə səbəb oldu. Yeni mövsümdə isə “Sabah” artıq debütant statusunda olmayacaq, komandadan gözləntilər də böyük olacaq.

“Sabah”ın baş məşqçisi Elşad Əhmədovla müsahibədə həm geridə qalan mövsümü dəyərləndirdik, həm də, qarşıdakı planlar, hədəflər haqda danışdıq:

– Geridə qalan mövsümü dəyərləndirərdiz. İlk dövrədə yaxşı oyun sərgiləyən “Sabah”, mövsümü 7-ci sırada tamamladı…

– Mövsümün əvvəllərində uğurlu nəticələr qazandıq. Uşaqlarda istək, arzu var idi. Ancaq taktiki tərəfdən çatışmayan cəhətlərimiz də var idi. Qışa qədər, xüsusilə də, ilk dövrədə yaxşı oynadıq. Uşaqlar özlərini göstərərək, çempionata rəng qatdılar. Çempionatı 7-ci pillədə bitirsək də, pis oyun sərgiləmədik. Birinci dövrəyə baxanda, qışdan sonra oyun baxımından daha yaxşı oynadıq. Əsas xallarımızı qışa qədər olan müddətdə yığdıq. Sona üç tur qalmış 5-ci yerdəydik. Bizim qarşımıza məqsəd qoyulmuşdu ki, sonuncu yerdə olmayaq. Bəlkə, bu səbəbdən uşaqlarda bir az boşluqlar oldu.

– Klubda qalacağınız rəsmiləşibmi? Rəhbərliklə görüşmüsüzmü?

– Rəhbərliklə görüşmüşəm, işimiz qənaətbəxş hesab olunub. Sona üç tur qalmış artıq qiymət verilmişdi. 7-ci pillədə bitirsək də, əsas məqsədimiz 8-ci olmamaq idi. Görüşümüz olub, yolumuza davam edirik.

– Təmkin Xəlilzadə ilə bağlı vəziyyət nə yerdədir? Növbəti mövsümdə də “Sabah”da olacaq?

– Təmkin intizamsızlıq etdiyi üçün uzaqlaşdırıldı. O, çox yaxşı futbolçudur. Biz onu komandaya cəlb edəndə də çox istəyirdik ki, əsas heyətdə oynasın, milli komandanın oyunçusudur. Ancaq intizamsızlıq etdiyi üçün indi kənardadır. Onun taleyinə rəhbərlik qərar verəcək. Rəhbərliklə söhbət olduqdan sonra bilinəcək ki, qalacaq, yoxsa gedəcək.

– Beş futbolçuyla artıq yolları ayırmısız. Yenə gedənlər olacaqmı?

– Ola bilər ki, say artsın. Bir-iki nəfər də ayrıla bilər. Amma çox olmayacaq, bir, ya iki nəfər.

– Vanderson Naskimento pis təsir bağışlamırdı, siz də kifayət qədər şans verirdiz. Nəyə görə müqaviləsini yeniləmədiz?

– Vanderson bütün oyunlarımızda iştirak edən futbolçudur. Yaxşı təsir bağışlayırdı. Ancaq hücumda yaxşı idi, müdafiədə problemlər var idi. Oyunlardan sonra analizlər etdikdə görürdük ki, əsas təhlükələr sol cinahdan gəlir. Xarakter olaraq, komandamıza layiq futbolçu idi. Onu yola salanda da bir insan, məşqçi olaraq narahat oldum. Çox istərdim ki, komandada olan digər futbolçular da Vanderson kimi xarakterli olsun, oyunlara peşəkar yanaşsın. Onun komandaya qayıtması ehtimalı var. Hər şey Türkiyə toplanışına kimi dəqiqləşəcək.

– Qış fasiləsində Anibal Çalanın transferi gündəmdə idi. Ancaq klubu ilə olan müqaviləsinə görə yaya qaldığını dediz. Yenidən onunla danışıqlar aparılırmı?

– Çala Ekvador millisinin üzvüdür. Xidmətində maraqlı olduğumuz futbolçu idi. Çox istərdik komandayla qalsın. Lakin klubuyla bağlı müəyyən problemləri olduğuna görə transferi alınmadı.

– Cavid Hüseynov, Məhəmməd Mirzəbəyov və Mirabdulla Abbasovun adı “Sabah”la hallanır. Bu iddialar nə dərəcə doğrudur?

– Mən də mediada oxuyuram. Çox oyunçunun adı bizimlə hallanır. Məhəmmədi də, Cavidi də, Mirabdullanı da yaxşı tanıyırıq. Hazırda Azərbaycanda seçilən futbolçulardandılar. Bir neçə futbolçuyla danışıqlar aparırıq, ancaq hələ tam qərar yoxdur.

– Maraqlandığınız futbolçular yerlilərdir, yoxsa legionerlər? Ümumilikdə ən çox hansı mövqenin gücləndirilməsini istəyirsiz?

– Yerli də var, legioner də. Bizə mövsüm ərzində hamı dedi ki, “9 nömrə”yə ehtiyacınız var. Amma mövsümü sol və sağ vingersiz keçirdik. Bu mövqe üçün tam uyğun olan Elşən Abdullayevdir, o da təkdir. Sağ və sol cinah hücumçusu, bir mərkəz, bir də sol cinah müdafiəçisi axtarırıq.

–  Gələn mövsümdə “Sabah”ın əsas hədəfi nə olacaq? İlk mövsümdə elitada qalmağın sizin üçün əsas olduğunu demişdiz, bəs gələn mövsüm necə?

– Əsas hədəf “Sabah” klubunun sabahını yaratmaq. Daha çox perspektivli oyunçulara yer açmaq, turnir cədvəlində yuxarı pillələri tutmaq. İmkan daxilində yuxarıda olub, komandanı sabitləşdirməliyik. İlk mövsüm komandanı yaradıb, formalaşdırdıq. Gələn mövsüm üçün qarşımıza sabit komanda yaratmaq və çempionatı ilk dördlükdə başa vurmaq məqsədi qoyulub.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button