Obradoviç: “Düzələsi çox şey var”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrəyə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, serbiyalı mütəxəssis, 0:1 hesabıyla bitən görüşü belə şərh edib:

  • Planlaşdırdığımız kimi oynadıq. Amma təbii ki, hər şeyi meydanda reallaşdıra bilmədik. Nəticədən narazıyam. Komanda inkifaş istiqamətində bir addım atdı. Bütövlükdə oyunu yaxşı keçirdik. İsveçrəyə istədiyi kimi oynamağa imkan vermədik. Komandanı daha da inkişaf etdirmək üçün çox çalışmalıyıq.
  • Fransada olmayan Tural Bayramlı nə üçün bu gün yox idi? Aranızda nə söz-söhbət olub? Futbolçunun mükafatının kəsildiyi də deyilir…
  • Bilmirəm suala necə cavab verim. Mükafat haqda məlumatım yoxdu. Bu, düz deyil. Aramızda heç bir problem yoxdu. Məğlubiyyətdən sonra müzakirə etməyə ehtiyac var. Sussaq, daha çox problem olar.
  • Turalın adı iştirak ərizəsində yox idi. Hazırda Premyer Liqada ən çox oynayan futbolçudu, dəqiqə baxımından.
  • Bu gün oynayan oyunçular haqda danışsaq, daha yaxşı olar.
  • Səbuhi Allahverdizadənin U-19-a getməyinə icazə vermədiz. Ancaq burda da iki oyuna cəmi 8-10 dəqiqə çıxış etdi. Nə üçün ona imkan vermədiz U-19-a getsin?
  • Hacı bundan əvvəl cəzalı olduğu üçün daha bir futbolçuya ehtiyac duydum və Səbuhini çağırdım. Kimin nə qədər oynayacağına mən qərar verirəm.
  • Azərbaycan futbolunda hazırda problemlərdən biri geriyə oynamaqdı…
  • Görünür, bu oyunda mən olmamışam. Fransa ilə oyunda da, bu gün də pressinq edirdik. Bunlara qərar verən mənəm. Növbəti oyunlarda da belə davam edəcəyik.
  • Gəldiyinizdən bu günə hansı məqamlarda inkişaf olduğunu deyə bilərsiz?
  • Oyunu öz qapımızdan daha irəli çəkməyi bacarmışıq. Son iki oyunda topa sahib olma ya rəqiblə bərabər olub, ya da üstün olmuşuq. Rəqibi daha irəlidə qarşılayırıq. Futbolçularla ünsiyyətdə olmağa çalışmışıq və onlara həqiqətən futbol oynamağı bacara biləcəklərini demişik. Son iki məğlubiyyətdən sonra narazı olmalı olduqlarını demişik. Artıq detallar haqda danışmağa başlamışıq. Düzələsi çox şey var, həm müdafiədə, həm də hücumda. Və oyun ərzində daha çox əlaqədə olmaq.
  • Anton Krivotsyukun liderlik keyfiyyəti necədi?
  • Anton bu gün çox yaxşı idi. Yaxşı oynadı. Ancaq ilk hissədə bir neçə dəqiqə onu tribunadan fitə basdılar. Bunun nədən qaynaqlandığını bilmirəm. Gənc futbolçudu, bu, narazılıq yaratdı. Bu, yaxşı hal deyil. Onlar milli üçün mübarizə aparırlar, belə münasibət olmamalıdı. Milli komandanın heyətinə düşən və gərək duyulan bəzi oyunçular haqda məşqçilər korpusu ilə müzakirə aparırıq.
  • Bugünkü atmosfer komandaya necə təsir edirdi?
  • Azarkeşlərə təşəkkür edirəm. Futbolçular bu dəstəkdən daha çox inam qazanırdılar. Bu gün azarkeşlər bizim 12-ci oyunçumuz idi. İmkan olsa, müzakirələr aparacağıq ki, növbəti oyunları da burda oynayaq.

Şahin Cəfərov