“Noyer öz mövqeyində Messi və Ronaldoya bərabərdir”
“Bayern”in sabiq baş məşqçisi Feliks Maqat komandanın qapıçısı Manuel Noyer haqqında yüksək fikirlər səsləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis martın 27-də 40 yaşına çatan qolkiperin karyerasını dəyərləndirərək, onu öz mövqeyində futbolun ən böyük adları ilə müqayisə edib:
“Onun səviyyəsi, “Bayern” və Almaniya millisindəki rolu nəzərə alınsa, Noyer öz mövqeyində Lionel Messi və Kriştiano Ronaldoya bərabərdir”.
Maqat, həmçinin, bildirib ki, “Bayern”in 2011-ci ildə “Şalke”dən 30 milyon avroya transfer etdiyi Noyer əslində klub üçün böyük qazanc olub. O, Noyerin karyerasını davam etdirməli olduğunu vurğulayıb və ona ən yaxşı qərarı verməyi tövsiyə edib.
Almaniyalı qapıçının “Bayern”lə müqaviləsinin müddəti bu ilin yayına qədərdir. O, cari mövsümdə 29 oyunda meydana çıxıb, 27 qol buraxıb və 10 matçda qapısını toxunulmaz saxlaya bilib.
Bizi Facebook-da izləyin



