“Rəşadla nə zaman qarşılaşsaq, bir-birimizdən qaçmırıq, kişi kimi salamlaşırıq” – Müsahibə+Foto

“Unuda bilmədiyimiz oyun”

Bir necə gün əvvəl Komanda.az saytında yeni rubrikaya – “Unuda bilmədiyimiz oyun”a start vermişik.

Rubrika çərçivəsində Azərbaycan milli komandasının, klublarının tarixinə yazılan oyunlarda iştirak edən futbolçular və məşqçilərlə danışırıq. Növbəti qonağımız 2006-cı ildə yoxlama görüşündə Ukraynaya 0:6 hesabıyla uduzan Azərbaycan millisinin baş məşqçisi olmuş Şahin Diniyevdir. Bu həmin oyundur ki, ondan sonra Diniyev radikal qərarlar vermiş, Rəşad Sadıqov kimi aparıcı futbolçular milli komandadan uzaqlaşdırılmışdı:

  • 2006-cı ildə səfərdə Ukrayna yığmasına 0:6 hesabıyla məğlub olduğumuz yoxlama görüşü yaddaşınızda necə qalıb?
  • Əlbəttə, böyük məğlubiyyətdən sonra ilk çəkdiyim şey əzab idi – əsəb, stress, bu kimi şeylər olur. Yəni sevinc hissləri yox, kədər qalır. Həmin gecə bu vəziyyətdən çıxmaq üçün hansı addımlar atmalı olduğumu düşünürdüm… Kədər, ağrı, əsəb – hər şey var idi. Ancaq bir şey yaxşı oldu ki, mən bundan sonra Bakıya getmədim, səhv etmirəmsə, Çexiyaya yollandım. Serbiya ilə matçımız var idi və oyunları təhlil etmək lazım idi. Bakıya gəlməyib, Çexiya ilə Serbiya arasındakı yoxlama oyununa getdim. Çexiyaya gedəndə orda tək oldum. Fikirləşirdim ki, nələr etmək, nə qərarlar vermək lazımdır ki, bu vəziyyətdən çıxaq, nəsə etmək lazım idi. Yəni bunlar idi, Çexiyada olduğum dörd gündə belə şeylər düşünürdüm. Yaxşı komanda yaratmalıydım və düşünürəm ki, fikirləşdiklərimi edə bildim və Serbiya ilə oyunda yaxşı futbol oynadıq.
  • Həmin oyundan sonra bir neçə futbolçunu millidən kənarlaşdırdız. Bu qərarı nə zaman aldız?
  • Dörd gün ərzində verəcəyim qərarları, atacağam addımları düşünürdüm. Məsələ bir neçə futbolçuya deyil, bütün komandaya aid idi. Bilirsiz, komandada nəsə işlər yolunda getməyəndə, ya futbolçuları dəyişməlisən, ya da baş məşqçini. Bütün dünya praktikasında belədir. Futbolçuları dəyişməsəydim, özüm üz çevirib getməliydim. Mənim seçimim futbolçuların dəyişilməsiylə bağlı oldu. Çexiyada olduğum müddətdə də atacağım addımları, verəcəyim qərarları düşündüm.
  • Heyətdən kənarlaşdırdıqlarınız arasında Rəşad Sadıqov da var idi, hansı ki, hazırda millidə ən çox oyun keçirən futbolçudur…
  • Qardaş, gəl, ad çəkməyək də… Hər biri özünə görə futbolçudur. İndi ona ilişmək lazım deyil ki, kimi çıxardıq, kimi çıxarmadıq. Söhbət komandanın dəyişilməsində idi və mən də dəyişdim.
  • Verdiyiniz bu qərarlardan sonra indiki gündə də hansısa futbolçuyla aranızda soyuqluq qalıb?
  • Yox, futboldur, futbolda inciklik olub, var və olacaq da. Belə şeylər bir-iki oyundan sonra unudulub gedir. Əsas odur ki, kin, nifrət olmasın. Mən demirəm ki, mənim atdığım addımlar tamamilə düzdür, mələk deyiləm. Ancaq sadəcə mən bu addımı atdım. Bayaq da dedim, qarşımda iki seçim vardı – ya baş məşqçi, ya da futbolçular getməlidir. Mənim də seçimim ikincidən yana oldu.
  • Həmin oyunda səhv etmirəmsə, Aslan Kərimov sarı vərəqə almışdı, başqa heç kim. Və buna görə də, futbolçuları bilərəkdən oynamamaqda ittiham etmişdiz.
  • Mən bilən, heç Aslan da sarı vərəqə almamışdı. Komanda uduza bilər, lakin mübarizə aparıb məğlub olmaq başqa şeydir. Texniki, taktiki, fiziki cəhətdən gücün çatmırsa, vurmalısan, yıxmalısan. Bunlar hamısı olmalıdır və bunlar da sarı, qırmızı vərəqələrə gətirib çıxarır. Komandada, klubda, futbolçuda, baş məşqçidə xarakter olmalıdır. Nə olar ki, komanda uduzur? Uduzmayan komanda var ki? O boyda Braziliya yığması Almaniyaya 1:7 hesabıyla uduzdu. Hər bir komanda uda da bilər, uduza da. Biz sadəcə böyük milli deyildik, bizim səviyyəmiz Avropa ölkələrindəki futbolun səviyyəsi ilə bir deyil. Bizə lazım olan nə idi? Motivasiya. Oyunlara köklənmə olmalıdır, vuruşmalıyıq. Gücü verməliyik ikili mübarizələrə, komanda halında döyüşməliyik. Belə oyunda da sarı və qırmızı vərəqələr olmalıdır.
  • Ukrayna məğlubiyyətinin üzərindən çox il keçib. İndiki vəziyyətdə o vaxt verdiyiniz qərarların səhv olduğunu düşünürsüz, yoxsa yenə olsa, eyni qərarı verərdiz?
  • Bilirsiz, insan özü verdiyi qərara heç vaxt peşman olmamalıdır. Mənim həyat tərzim belədir. Biri var kiminsə müdaxiləsiylə qərar verəsən və sonra peşman olasan, biri də var özün qərarı verəsən. Demirəm qərarım düzdür, amma düşünürəm ki, insan özü verdiyi qərara peşman olmamalıdır. Verdiyin qərar səhv olsa da, özün bunu düzgün hesab etmisən. İllər keçsə də, qərarın səhv olduğunu düşünmürəm. Bir qərar hər bir insan üçün məqbul sayıla bilməz. Verdiyim qərarları kimsə düz, kimsə səhv qəbul edə bilər, buna görə kimsədən inciyə bilmərəm. Verdiyim qərarlara görə heç zaman peşman olmamışam.
  • Rəşad Sadıqovla münasibətiniz necədir?
  • Yaxşıdır, harda bir-birimizi görsək, salam veririk. Futboldur, bu həyatda kin, nifrət ola bilməz. Mən də şadam ki, incik olan Rəşad tərəfdən də münasibətimiz yaxşıdır, hər zaman hörmətimi saxlayır. İlk dəfədir bunu deyirəm, Rəşad məni harda görür, qabağıma gəlir, əl uzadır, mən də yanına gedirəm. Futbolda olan şeyləri şəxsi həyata bağlasaq, düz olmaz axı. Sırf Rəşadın üzərində dayanmaq istəmirəm. Verdiyim qərarın yüz faiz düz olduğunu demirəm, səhv də olduğunu demirəm. Rəşadla nə zaman qarşılaşsaq, bir-birimizdən qaçmırıq, kişi kimi salamlaşırıq, bunu özündən də soruşa bilərsiz.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button