Normal və anormal azərbaycanlılar

Rəşad Ergün

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun yeni gənclər və idman naziri Fərid Qayıbovla görüşdə söylədikləri normal azərbaycanlı üçün normal qəbul edilən şeylərdir. Amma anormal azərbaycanlı üçün qorxuncdur, ayıbdır.

Məmmədov qətiyyən utanmadan, qırmızı-qırmızı deyib ki, AFFA birinci divizionda çıxış edən üç klubu – Gəncənin “Kəpəz”, Zaqatalanın “Zaqatala”, Tovuzun “Turan-Tovuz” komandalarını tam maliyyələşdirir. Yəni eyni cibdən maliyyələşən üç komanda eyni çempionatda mübarizə aparır. Elxan Məmmədov bunu utanmadan, qızarmadan deyir. Pardon, hətta fəxrlə söyləyir.

Ey FİFA, ey UEFA, Azərbaycanda hər gün, hər saat futbola təcavüz edirlər, zorlayırlar, ləkələyirlər, sonra bunları təkrar-təkrar bir də edirlər. Futbola yazıqdır, alın bu oyunu AFFA rəhbərliyinin əlindən!

Elxan Məmmədov yeni gənclər və idman naziri ilə görüşdə pulsuzluqdan da şikayətlənib, üstüörtülü şəkildə dövlətdən yardım istəyib. Məmmədov da, yeni gənclər və idman naziri Fərid Qayıbov da normal azərbaycanlıdır. Normal azərbaycanlıya görə, futbol federasiyasının, bütün klubların dövlət büdcəsi hesabına yaşaması normaldır. Mən isə anormal azərbaycanlı olduğum üçün deyirəm: bir ölkənin futbol klubları eyni cibdən maliyyələşə, dövlət tərəfindən büdcəsi formalaşa bilməz. Dövlətin borcu ölkədə rəqabət mühiti formalaşdırmaqdır, bütün şirkətləri, firmaları, federasiyaları, futbol klublarını, hər şeyi, hər zadı öz ipinə düzməməlidir. Elxan Məmmədovun cəsarəti və vicdanı çatıb desəydi ki, “cənab nazir, bizim arzumuz futbolda rəqabətli mühit yaratmaqdır”, onda mən onu alqışlardım, “afərin, anormal azərbaycanlı” deyərdim. Ancaq Elxan Məmmədov normal azərbaycanlıdır. Normal azərbaycanlıların baş rollarda olduğu Azərbaycan isə… anormal ölkədir.