Niyə Naxçıvan?

Hüseyn Cəbrayıloğlu

“Xəzər Lənkəran”la Naxçıvanda, coğrafi ərazi olaraq blokada şəraitində qalmağa məhkum olunan torpaqlarda iki dəfə olmuşam. İlk səfərimiz superkubok çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyunu ilə əlaqədar idi. Cəmi 4 ay öncə hər iki komandanın Azərbaycan kubokunun finalında qarşılaşması böyük bir dava-dalaşla yadda qalmışdı və ölkədə geniş rezonans doğuran, PFL rəhbərliyinin üzünü qaraldan həmin qalmaqallı matçdan sonra yenidən iki əzəli rəqibin görüşünü Naxçıvanda keçirmək, indiyə qədər beş ildə bir dəfə düzgün qərar verən PFL rəhbərliyinin ən doğru qərarı idi. Komandalarına qarşı böyük haqsızlıq edildiyi düşüncəsində olan “Xəzər Lənkəran”lı fanatlar qəzəbdən zəncir çeynəyirdi ki, belədə, hər iki komanda mədəni qaydada “niyə də Naxçıvan “böyük oyun” görməsin?” deyə, əslində bu ifadə adı altında uzaq torpaqlara sürgün edilmişdi. Hətta ictimaiyyətdən hələ də gizlin qalan bir detalı deyim: hər iki klub rəhbərliyi ilə fan-klubları oralara aparmamaq haqqında gizli razılaşma vardı. Dediyim kimi, matçın növbəti dava-dalaşsız keçməsi üçün Naxçıvan yada düşmüşdü. Bununla belə, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi o qədər ciddi, məsuliyyətli, qayğıkeş davrandılar ki, hər iki klub özünü sürgündə yox, evində hiss etdi. Bu günə kimi orda olan kimi dindirsən, yalnız xoş sözlər söyləyər. İnsanların davranışı, diqqəti, qayğısı nəyə desən dəyərdi və qarşıya çıxan problemi həll etmək üçün harasa rəsmi müraciət etməyə gərək yox idi. Dodağını sadəcə tərpət, yaxud mimikanı hərəkətə gətir, yetərdi.

Amma əzizlərim, bu, ölkənin tək və yeganə “böyük oyun”unun iştirakçıları idi. Vəziyyət yuxarıda dediyim kimi, bu qərarı verməyə məcburiyyət yaradırdı. Sonradan PFL rəhbərliyi xoşagəlimlik, bəli, məhz quru rəsmi belə, özlərindən ağır olan Naxçıvan rəhbərliyi qarşısında xoşagəlimlik üçün daha bir finalı oralara saldı. Bu il yenidən ölkə kubokunun finalı bizə doğma, uzaq torpaqlara təyin olunub ki, görünən odur finalçılar – ümumi sayı 1000-ə çatar, ya çatmaz ” Qəbələ”, tərəfdarı 3-5 min arasında dəyişən “Sumqayıt” azarkeşləri matçı TV-dən izləyəcək. Yazıqlar olsun!

Çətindir… Məsələn, tarixində ilk dəfə final yaşayan “Sumqayıt”ın azarkeşinin canlı olaraq stadionda oyun izləyə bilməsinə niyə mane olasan ki? Dediyim kimi, PFL beş ildə bir dəfə düzgün qərar verir və istər sumqayıtlı, istər qəbələli azarkeşlər həmin xoş günə anadolu türkləri demiş, dəng gəlmədilər.

Bəs həmin gün Naxçıvanda, tribunada azarkeş olacaqmı? Olacaq. Süni işıqlandırma olmadığı üçün günəşin tüğyan etdiyi saatda tribunada azarkeş olacaq. Kim, yaxud kimlər olacaq? Başına gələn başmaqçı olar. Xatirimdə qalan gözəl bir əhvalatı sizinlə bölüşüm. Naxçıvanda ikinci dəfə olarkən, yerli “Araz-Naxçıvan”la görüş üçün o təmiz, qayda-qanunun bütün ciddiliyi qorunan torpaqlarda idik. Oyundan bir gün öncə stadiona gələndə, təqribən 200-ə yaxın mülki insanların olduğunu gördük. Bir-birimizə dedik ki, “nə gözəl, məşqə belə, azarkeşlər gəlib”. Az sonra stadionda klub televiziyamız üçün canlı yayım təftişini aparanda, aydın oldu ki, bizə təxminən 100 metrlik uzunluqda kabel lazımdır. Ətrafa boylandım ki, mağaza-filan olub-olmadığını aydınlaşdırım. Məhz boylanmağımla narahatlığımı sezən həmin 200-ə yaxın mülki geyimlidən biri dərhal mənə yaxınlaşdı: “Müəllim, nəsə lazımdır?” Qarşımdakı uzun boylu, şirin ləhcəli insanı asağıdan-yuxarı süzüb “Hə, 100 metr kabel necə tapmaq olar” soruşdum. Və… Biz artıq o yoldaşın maşını ilə kabel almağa gedirdik. Birdən qayıtdım ki, “Nə gözəl azarkeşsiniz ee, rəqibə kömək də edirsiz”. Həmin uzun boylu, şirin ləhcəli qayğıkeş azarkeş bildiyim qayıdasan ki, “Müəllim, mən azarkeş deyiləm, polis kapitanıyam. Stadionda gördüyün adamlar da mülki geyimdə olan polislərdir”.

Belə…

Tribunada azarkeş olacaq, mütləq olacaq. Amma sumqayıtlı, qəbələli olmayacaq!

P.S. “Xəzər Lənkəran” özü dağıldı” deyən jurnalistlər, efirdə səmimiyyət abidəsi kimi danışan Ramin Musayev finalın Lənkəranda keçirilməsi qərarını verə bilərmi, bilərdimi? Bunu isbat edin, sizinlə razılaşım.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button