“27 yaş qoca sayılırsa…” – Təklif olmadığı üçün karyerasını bitirən futbolçu

Son olaraq “Sumqayıt”da çıxış edən Nicat Qurbanovun karyerasını bitirdiyini açıqladığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, 27 yaşlı oyunçunun nə üçün belə bir addım atdığı məlum olub. Bu barədə o, “CBC Sport” kanalına açıqlamasında deyib. Nicat, heç bir klubun onu istəmədiyini və bu səbəbdən də karyerasını bitirdiyini bildirib:

“Təklif olmadı, məcbur qaldım, bu qərara gəldim. Rədd cavabları aldığım üçün gözləməyin mənasının olduğunu düşündüm. Yox deyiblərsə, necə gözləyim ki, fikirlərini dəyişəcəklər?

Menecer vasitəsi ilə klublara təklif olundum, ancaq razılıq olmadı. Dedilər oyunçular var, komandanı gəncləşdiririk və s. Mən də düşündüm ki, 27 yaş qoca sayılırsa, deməli, oynamaq lazım deyil”.

Qurbanov, hansısa klubdan təklif gələcəyi halda, karyerasını bərpa edəcəyini deyib:

“Təklif gəlsə, müsbət yanaşaram. Çünki bacardığımız futboldur, əlimizdən başqa iş gəlmir. Qərarım sırf təklifin olmaması ilə bağlıdır. Yenidən təklif olsa, əlimdən gələnin 5-10 qat artığını edəcəm ki, daha effektiv olum və bu vəziyyətə düşməyim”.

Nicat Qurbanov karyerası ərzində “Neftçi”, “Kəpəz”, “Zirə” “Simurq” və AZAL-da çıxış edib. Onun son iş yeri “Sumqayıt” klubu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button