“Düşünürəm ki, bu problemlər olmasaydı, klubda qalacaqdım” – “Neftçi”nin sabiq hücumçusu

“Neftçi”nin sloveniyalı sabiq futbolçusu Tomislav Mişura təlim-məşq toplanışında olan “ağ-qaralar”ı ziyarət edib.

Komanda.az xəbər verir ki, 2005-ci ildə “ağ-qaralar”la Azərbaycan çempionu olmuş hücumçunun klubun televiziyasına müsahibəsini təqdim edirik:

“Bura gələndə yolda uşaq kimi sevinirdim. Çünki uzun illər əvvəl “Neftçi”də oynamışam. Bura gələndən sonra meydanı və futbolçuları görüb özümü elə hiss edirdim ki, sanki bu dəqiqə isinmə hərəkətlərini yerinə yetirib onlarla məşqə çıxacağam. İnanılmaz hisslərdir…

Hələ də futbol sahəsindəyəm. Bundan əlavə, yaxtaların daxili dizayn ilə məşğul olan şirkətdə çalışıram. Bu, sevdiyim və mənə doğma olan ikinci sahədir. Çünki orada taxta, daş və dənizdən zövq alıram. “Neftçi” ilə çempionluğumuzu yaxşı xatırlayıram. Çox gözəl hisslər idi. Bunu unutmaq mümkün deyil. Bütün azarkeşlər mənə tərəf qaçır, qucaqlayır, öpürdülər. “Neftçi” bu dəfə çempion olanda da eyni hissləri yaşadım. Sanki mən də həmin komandada oynayırdım. Çempionluğun futbolçular, ümumiyyətlə, bütün heyət üçün necə əhəmiyyət kəsb etdiyini bilirəm.

Şəxsi problemlərimə görə 2006-cı ildə klubu tərk etdim. O zaman dayım vəfat etmişdi deyə, nənəm özünü çox pis hiss edirdi, səhhəti yaxşı deyildi. Evə getmək, ailəmlə daha çox vaxt keçirmək istəyirdim. Buna görə də klubu tərk etməli oldum. “Neftçi”də gözəl vaxt keçirmişdim. Düşünürəm ki, bu problemlər olmasaydı, klubda qalacaqdım.

Tbilisi “Dinamo”suna qarşı oynayacaqsız. Məncə, “Neftçi”nin yaxşı şansı var. Düzdür, eşitdiyimə görə “Dinamo”nun çempionat matçları hələ də davam edir. “Neftçi” isə oyunlara indi başlayır. Bununla belə, ümid edirəm ki, qazanan tərəf “Neftçi” olacaq.

“Neftçi” azarkeşlərinə onu deyə bilərəm ki, onları unutmamışam. Xahiş edirəm, hər zaman komandaya dəstək olsunlar ki, kollektiv hər zaman yüksəkliklərdə olsun”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button